Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan iki ölkənin 2020-ci ildə Qarabağda hərbi əməliyyatlar zamanı Azərbaycana dəstək verdiyindən xəbərdar olduğunu bildirib.
Bilindiyi kimi, KTMT-yə Rusiya, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan və Tacikistan daxildir. Lakin Paşinyan konkret hansı dövlətlərin Azərbaycana yardım etdiyini dəqiqləşdirməyib: “Belarus prezidenti artıq dörd ildir ki, Ermənistana deməyə çalışdıqlarını deyib.
Müttəfiqlərimiz 2020-ci ildə 44 günlük müharibəyə hazırlıqda bizim tərəfimizdə iştirak etməyib. Lakin bizə qarşı müharibənin hazırlanmasında iştirak edən ən azı iki KTMT ölkəsini tanıyıram. Bu ölkələr bizə kömək etmək istəyi imitasiyasını yaradıblar, ya da guya bizə kömək ediblər”, – Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. Onun sözlərini News.am sitat gətirir.
News.am saytı Aleksandr Lukaşenkonun Nikol Paşinyanın çıxışında hansı konkret sözlərini şərh etdiyini dəqiqləşdirməyib.
//Samir Qurbanov, Editor.az