“Ermənistan baş nazirinin ABŞ-a səfərinin əsas məqsədi o idi ki, Amerika prezidenti Donald Trampla görüş keçirməyə nail olsun. Bu mümkün olmayacağı təqdirdə ən azından ABŞ-nin hansısa rəsmi şəxslərindən biri ilə görüş keçirilsin”.
Bunu Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, Nikol Paşinyan çalışır ki, ABŞ-Ermənistan münasibətlərində yeni dövrdə gələcək perspektivlərlə bağlı müəyyən manipulyasiyalar etməyə imkan qazansın, eyni zamanda, Amerikadan müəyyən dəstək almaya nail olsun:
“Ancaq məlum oldu ki, hazırda Amerika tərəfinin daxili məsələlərlə bağlı ciddi məşğul olduğu dönəmdə belə bir görüşün keçirilməsi mümkün olmayacaq. O zaman Ermənistan baş naziri bunu başqa səbəblərlə izah edərək bildirdi ki, onun planında ABŞ rəsmiləri ilə görüş nəzərdə tutulmayıb. Nikol Paşinyanın ABŞ-a səfərinin əsas məqsədi bu idi. Çünki özü də çox yaxşı bilir ki, onun özü və komandası aktiv şəkildə Baydeni, sonra da Kamala Harrisi dəstəkləyiblər. Bu da ABŞ-ın yeni administrasiyasının diqqətindən qaçmayan bir məsələdir. Bundan başqa Paşinyanın ABŞ-da erməni diasporası ilə də müəyyən problemləri var. Paşinyan həm də bunu yoluna qoymağa cəhd edir. Paşinyanın özü bu səfərin daxili və siyasi mübarizədə ona nə qədər fayda verib-verməyəcəyini daha dəqiq bilir. Əsas niyyət ABŞ-da yüksək səviyyəli rəsmi görüşüb keçirilməsi nəzərdə tutulsa da bu baş tutmadığından səfərin uğurlu olduğunu demək mümkün deyil”.
//Gülnarə Abasova, Editor.az