“Yalançının evi yandı, heç kim inanmadı”. Yaxud “adın çıxınca canın çıxsa, yaxşıdır”. İndi Ermənistan rəhbəri Nikol Paşinyan da. Ha çalışır ki, dünyaya özünü “sülh göyərçini” kimi sırıyıb Azərbaycanı bəd obrazda təqdim eləsin, alınmır. Niyə?
Çünki hardan baxsan istinad elədiyi arqumentlərin hamısı “dişsiz”, mövqeyi isə zəifdir. Əlahəzrət gerçək onun əleyhinədir. Yoxsa Nikol və komandası gecə-gündüz sülh müqaviləsinin vacibliyindən dəm vursun, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası qaldıqca, ATƏT-in üzdəniraq Minsk Qrupunun ləğvinə əngəl yaradıldıqca, səslənən sülh bəyanatları çürük qoz qədər dəyərdə olmayacaq…
Dünən məlum oldu ki, Ermənistanın Konstitusiya Məhkəməsi adicə sərhədlərin delimitasiyası üzrə ortaq əsasnaməni təsdiqləməyə tələsmir. Lap dəqiqi, “mız” qoyur. Gör imzalanacaq sülh sənədinə hansı həssasiyyət olacaq. Məktəbliyə də aydındır ki, ədalətli şərtlər, yəni beynəlxalq hüququn tələbi əsasında imzalanacaq sülh sazişini həmin qurum cəmi bir saatın içində qeyri-legitim elan edəcək.
Elə isə Ermənistan üçün hər hansı hüquqi öhdəlik yaratmayan yarımçıq sənədi imzalamağa dəyərmi? Nəyin, kimin xətrinə? “Quş” qoymaq naminəmi?..
Dəfələrlə yazmışıq, yenə təkrarlayaq: rəsmi İrəvan həqiqətən bölgədə daimi sülh və barışıqda, sərhədlərin və kommunikasiyaların açılmasında, Nikolun söylədiyi kimi, diplomatik əlaqələrin qurulmasında maraqlıdırsa, nəhayət, mifik yox, 29,7 min kv km-lik “real Ermənistan” qurmaq istəyirsə, o zaman vaxt itirmədən “atı arabanın arxasından açıb” qabağına bağlamalıdır. “Araba”nın qabağa getməsi üçün ayrı variant, çarə yox!
Bu, təkcə Azərbaycanın yox, Ermənistanın da qoşulduğu beynəlxalq konvensiyaların, BMT Nizamnaməsinin tələbidir. Odur ki, “top” çoxdan o tərəfdədir. Sülh boşboğazlığı dövrü bitdi, cənab haylar. Söz oyunu zamanı deyil…
Gəl ki, Nikol Vovayeviç hamını bezdirmiş “köhnə hava”dan çıxa bilmir. Bu dəfə o, Nyu-Yorkda, BMT Təhlükəsizlik Şurasının təşkil etdiyi tədbirdə eyni şeyi təkrarlayıb. Azərbaycanı noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransınadək sülh sazişinin artıq razılaşdırılmış maddələrini imzalamağa çağırıb. Onu da deyib ki, “məqsəd sülh prosesinin inkişafı üçün stimullaşdırıcı mühit yaratmaqdır”.
Əlbəttə ki, ilğımdır. Az yuxarıda da yazdıq. Hüquqi qüvvəsi olmayan sənədin stimullaşdırıcı təsiri ola bilməz. Əgər burdan-bura Ermənistan Paşinyanın imzası duran üçtərəfli 10 noyabr sənədinin (2020) 9-cu bəndini (Zəngəzur dəhlizi) 4 ildir yerinə yetirmirsə, ala-yarımçıq sülh sənədinə əməl edərmi?
Deməli, hədəf dünya ictimaiyyətini çaşdırmaq, vaxt udub altdan-altdan silahlanmaq və revanşa hazırlaşmaqdır. Nə barədə ki, Prezident İlham Əliyev bir neçə gün öncə Milli Məclisdəki çıxışında İrəvan rəsmilərini bir daha xəbərdar edib. Ki, özlərini yığıdırsınlar. Bunun üstündən indi yenə köhnə “bayatını” oxumaq yalnız xəstə məntiqə sığır…
Deyirik bəlkə Paşinyanın ürəyindən, sadəcə, Anna ilə birgə Bakını görmək, Azərbaycanın necə inkişaf edib Ermənistanı geri qoyduğuna öz gözləri ilə yəqinlik hasil eləmək keçir, bölgənin bu güclü dövləti ilə düşmənçiliyin mənasızlığına əmin olmaq istəyir? Üstəlik, qayıdan baş “sülh sənədi” qarşılığında Bakıda həbsdə yatan erməni diversantların bir necəsini özü ilə aparmaq heç də pis olmaz(dı). Xülasə, bəhanə axtarışı.
Bu bəhanəni on(lar)a verəkmi?..
Müsavat.com
Zahid SƏFƏROĞLU