Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.
Editor.az xəbər verir ki, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə və tədbirlər planına uyğun olaraq “Nizami Gəncəvi ili” çərçivəsində gənclərin Nizami məqbərəsinə ziyarəti təşkil olunub.
Ziyarət mövcüd karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilib.
Baş İdarə rəisi Həmid Nəsirov tədbirdə ilk öncə çıxış edərək, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunduğunu və “Beynəlxalq Abidələr Günü” ərəfəsində Nizami məqbərəsini ziyarət edərək, dünya şöhrətli dahi Azərbaycan şairinin irsinin, xüsusilə gənclər arasında öyrənilməsinin əhəmiyyətini vurğulamışdır.
Ekskursiya zamanı Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun Nizami filialının bələdçiləri tərəfindən gənclərə Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilmişdir.
Ziyarətdə Baş İdarənin gənc əməkdaşları, “Gəncə Maarif Evinin” İB-nin və Tələbə Gənclər Təşkilatlarının fəal üzvləri iştirak edib.
Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

