Növbəti Brüssel görüşü: Sülh müqaviləsi imzalanır?-AÇIQLAMAbackend

Növbəti Brüssel görüşü: Sülh müqaviləsi imzalanır?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan prezidenti İlham Əliyev daha əvvəl də dəfələrlə Ermənistan və Azərbaycan arasındakı sülh müqaviləsinin imzalanması üçün bütün sağlam, rasional vasitəçilər, tərəflərlə işləməyə hazır olduğunu bildirib”.

Bunu Editor.az-a Milli Məclisin deputatı Vüqar İskəndərov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə nümayəndəsi Toivo Klaarın bölgəyə səfəri zamanı oktyabrın sonunda Aİ Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında Brüsseldə danışıqların davam etdirilməsinin razılaşdırıldığı haqqında verilən xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu görüşləri təşkil edən tərəflərin səmimi olması, ədalətli sülh müqaviləsinin imzalanmasına töhfə verməsi əsas şərtdir:

” 30 ilə yaxın müddətdə Minsk qrupunun bu sahədəki fəaliyyətsizliyinin şahidi olduq. Hər vəchlə prosesi Ermənistanın xeyirinə həll etməyə çalışdılar. Digər tərəfdən bu istiqamətdə bir neçə platforma da formalaşıb. Bunlara Brüssel, Moskva, Vaşinqtonu misal göstərmək olar. Eyni zamanda, Fransanın prosesə daxil olmaq istəyi Avropa formatını da fiaskoya uğratdı. Ölkə başçımız da dəfələrlə qeyd edib ki, Fransanın iştirakı ilə baş tutan görüşlərdə Azərbaycan iştirak etməyəcək”.

Deputatın fikrincə, bu günə qədər Avropa İttifaqının prosesdə canfəşanlığı xüsusi diqqət çəkib:

“Qismən də olsa Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bitərəf mövqe ortaya qoyub. Oktyabrın sonunda qeyd edilən görüş baş tutacaqsa, masada Azərbaycanın təklif etdiyi sülh gündəliyi olacaq. Artıq Qarabağ və digər məsələlər keçmişdə qalıb. İrəliyə baxmalıyıq. Tərəflər arasında sülh müqaviləsinin imzalanması və bölgəyə dayanıqlı sülhün gəlməsi üçün rəsmi Bakı lazımi addımları atır. Ermənistan da öz fəaliyyətini real sülh istiqamətində həyata keçirməlidir”.

//Safura Bənnayeva, Editor.az