“Ermənistanın son davranışları rəsmi İrəvanın Azərbaycanla yekun sülh sazişini imzalamaq istəmədiyini göstərir. Baş nazir Nikol Paşinyanın “hücum etməmək barədə pakt” uydurması isə rəsmi İrəvanın ümumiyyətlə, sülh prosesindən kənara çəkilmək niyyətindən xəbər verir. Bu, absurd erməni hiyləgərliyidir”.
Bu sözləri Editor.az-a açıqlamasında siyasi analitik Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, rəsmi İrəvan sülh sazişini müxtəlif bəhanələrlə imzalamayacaq, prosesi uzadaraq vaxt qazanmağa çalışacaq:
“Həmin zamandan isə rəsmi İrəvan silah-sursat, hərbi texnika alaraq, Ermənistan ordusunu gücləndirməyə çalışacaq. Bütün bunlara paralel olaraq Paşinyan hakimiyyəti Azərbaycanın hərbi müdaxiləsindən də Ermənistanı sığortalamağa cəhd göstərir. Baş nazir Nikol Paşinyanın “hücum etməmək barədə pakt” uydurması da məhz bu məqsədə xidmət edir. Yəni, rəsmi İrəvan sülh prosesini uzadıb, silahlanmaq üçün vaxt qazanmaq istəyir. Eyni zamanda, Azərbaycanın da həmin müddət ərzində Ermənistana hərbi müdaxilə etməməsini təmin etməyə çalışır.
Bütün bunlar o deməkdir ki, rəsmi İrəvan Azərbaycana qarşı ərazi iddialarından imtina etmək niyyətində deyil. Əksinə, bu absurd iddiaların gələcəyə daşınmasına nail olmağa çalışır. Əks halda, Cənubi Qafqazda sabitlik üçün yeganə təminat məhz yekun sülh sazişinin imzalanması ola bilər. Paşinyan hakimiyyəti isə həmin sənədi qətiyyən imzalamaq istəmir. Paşinyan hakimiyyəti bu siyasi manipulyasiyaları isə məhz Cənubi Qafqazda sülh prosesinin pozulmasında maraqlı olan ABŞ, Fransa və Avropa Birliyinin təlimatları və sifarişləri ilə edir. Hazırda görünən odur ki, Ermənistan sülh prosesindən uzaqlaşır və yeni müharibəyə hazırlaşır”.
//Gülnarə Abasova, Editor.az

