Növbəti mina qurbanları-Ermənistanın cəzasızlığının nəticəsibackend

Növbəti mina qurbanları-Ermənistanın cəzasızlığının nəticəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nə qədər ki, Ermənistan törətdiyi cinayət əməllərinə görə cəzalandırılmayıb, mina qurbanlarının da sayı artır. Kəlbəcərdə daha 8 nəfərin mina qurbanı olması bunu bir daha təsdiqləyir.

Laçın dəhlizi işğal dövründə Ermənistanın 1 milyondan çox minanı Azərbaycan ərazilərinə gətirdiyi yol olub, Kəlbəcərdə partlayan, faciə törədən mina da vaxtilə bu yolla daşınıb.
30 ilə yaxın davam edən işğal müddətində Azərbaycan ərazilərində basdırılan minaların xəritələri haqqında dəqiq məlumat verməyən Ermənistan postmünaqişə dövründə də təxribatları davam etdirir. Gümrüdə istehsal edilən minalar azad olunmuş ərazilərə basdırılır. Faktiki müharibə bitsə də, mina terroru can almaqda davam edir. Təbii ki, Ermənistan bunu məqsədli şəkildə edir. Daha çox azərbaycanlının həlak olmasını, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasını yubatmaq istəyirlər. Burada Ermənistanla yanaşı beynəlxalq təşkilatlar da məsuliyyət daşıyır. Çünki Ermənistana hər hansı təzyiq və ya çağırış edilmir. Qeyri-dəqiq mina xəritələri ilə beynəlxalq ictimaiyyəti aldatmasına rəğmən bu terrorçu dövlətin davranışlarına göz yumulur.

Prezident İlham Əliyev dəfələrlə ən ali tribunalardan bu problemi gündəmə gətirib, işğal dövründə Ermənistanın ərazilərimizə bir milyondan çox mina basdırdığını bəyan edib. Ermənistan “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” Konvensiyanın müddəaları da Ermənistan tərəfindən pozulur. Sözügedən konvensiyaya əsasən, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürür. Amma Ermənistan əksinə, azad olunmuş əraziləri minalarla çirkləndirməkdə davam edir.

Bu gün azad olunmuş ərazilərə qayıdış, bərpa-quruculuq üçün ən böyük maneə məhz Ermənistanın basdırdığı minalardır. Azərbaycan haqlı olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin məsuliyyətə cəlb olunmasını tələb edir. Beynəlxalq ictimaiyyət bu məsələdə qətiyyətli mövqe
nümayiş etdirməlidir. Hazırda ekofəalların aksiya keçirildiyi Laçın yolundan da Ermənistan Azərbaycan ərazilərini minalamaq üçün fəal istifadə edirdi. Post-müharibə dövründə aşkar olunan minaların istehsal tarixlərinin 2021, 2022-ci illərə aid olması da göstərir ki, bu yoldan məhz minalar və digər hərbi sursatlar, yüklər danışıb.

Könül Nurullayeva, Milli Məclisin deputatı