“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin “Azərbaycan və Ermənistan Zəngəzur dəhlizini açmaqla bağlı razılığa gələ bilmədiyinə görə, bu layihənin Azərbaycan üçün cəlbediciliyini itirdiyi ilə bağlı səsləndirdiyi fikir Naxçıvan Muxtar Respublikasına gediş-gəliş imkanlarını yaxşılaşdırmaq və yüklərin asan daşınması istiqamətində İran İslam Respublikası ilə əldə edilən razılıqla əlaqələndirib”.
Bunu Editor.az-a Milli Məclisin deputatı Vüqar İskəndərov Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Politiko” nəşrinə açıqlamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, nəqliyyat dəhlizinin açılması məsələsində Ermənistan hələ də siyasi manipulyasiya ilə məşğuldur:
“Zəngəzur dəhlizinin açılması Ermənistan üçün həyati bir məsələdir. Nə vaxta kimi Ermənistanda bu zehniyyət, təfəkkür olacaq, 30 il müddətində olduğu kimi böyük qlobal layihələrdən kənarda qalıb yalnız seyr etməklə məşğul olmağa davam edəcəklər. Rəsmi İrəvan hələ də böyük, beynəlxalq, qlobal miqyaslı transmilli layihələrdən uzaqda qalacaq. Bu ermənilərin öz yarıtmaz, qeyri-rasional siyasətlərindən qaynaqlanır”.
Deputatın fikrincə, İran İslam Respublikasının ərazisindən keçərək yaradılacaq kommunikasiya xətləri , avtomobil və dəmiryolundan insanların istifadəsi üçün olduqca əlverişlidir:
“Bütün bunlar hər iki ölkənin hökumətləri tərəfindən diqqətlə izlənib, müzakirə olunur. Bu istiqamətdə uğurlu qərarlar alınır. Olduqca böyük potensiala malik olduğunu düşünürük. Bu yolun açılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirməklə bərabər, beynəlxalq yüklərin daşınması, tranzit kimi istifadəsi Çin başda olmaqla bir çox dövlətlərin marağındadır. Eyni zamanda bu yol Azərbaycanı türk dünyası ilə də birləşdirdiyi üçün böyük əhəmiyyət kəsb edir. Uzun illər Naxçıvan və Azərbaycan arasında qaratikan kolu kimi mövcud olan Ermənistana növbəti zərbədir”.
V.İskəndərov Ermənistanın Zəngəzur dəhlizinin açılması məsələsində hələ də tərəddüd etdiyini düşünür:
“Azərbaycan isə artıq konkret, vacib addımları atmaqdadır. Belə görünür ki, uduzan, gedən qatarın arxası ilə baxan Ermənistan olacaq”.
//Safura Bənnayeva, Editor.az

