Hüquq müdafiəçisi Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verib.
Bu barədə Pravda.az-a hüquq müdafiəçisi özü məlumat verib.
“Müsavat Partiyasına istefa məktubumu göndərdim. Partiya sədri İsa Qəmbər məktubu alıb. Mənə görə Müsavata söz gəlir, bu səbəbdən istefa verdim. Əlbəttə ki, istefamı qəbul edəcəklər. Baxmayaraq ki, 30 ildir, bir yerdə çiyin-çiyinə vuruşmuşuq, çoxlu dostlarım var. Müsavatdan getmişəm, dostluqdan getməmişəm”, – N.Cəfəroğlu bildirib.
Bildirilib ki, Novella Cəfəroğlu ilə Müsavat Partiyasının rəhbərliyi arasında 1 sentyabr parlament seçkisinə münasibətdə fikir ayrılığı yaranıb.
Belə ki, N.Cəfəroğlunun rəhbərlik etdiyi “Mənim səsim” seçki Monitorinq Koalisiyasının seçki günü ilə bağlı hazırlayıb yaydığı hesabatda seçkinin heç bir problem yaşanmadan, qanunauyğun və düzgün keçirildiyinin bildirilməsi Müsavat Partiyasının rəhbərliyini narazı salıb. Onlar bu hesabatdakı fikirlərlə Müsavat Partiyasının seçki ilə bağlı mövqeyinin bir-birinə zidd olduğunu, hesabatın reallığı əks etdirmədiyini əsas göstərək Novella Cəfəroğlundan izahat tələb ediblər.