Amma çox güman ki, Ukrayna hakimiyyəti Polşaya düşən raketlər fonunda Qərbin bu müharibəyə yanaşmasını yenidən dəqiqləşdirmək imkanı da əldə etdi. Və belə görünür ki, məsələ Ukraynanın qalib gəlməsindən çox, bu savaşın yekununda kimin nə əldə etmək istəyi ilə bağlı idi.
NATO katibi bəyan etdi ki, məqsədyönlü hücumun edildiyi, yaxud raketin Rusiya tərəfindən atıldığına dair heç bir dəlil-sübut yoxdur. Yens Stoltenberqin bu açıqlamaları da Qərblə bağlı “müharibədən çəkilmə” və yaxud “müvəqqəti olaraq yeni savaşdan qaçma” iddiaları bir xeyli artırmış olur. Görünür, ABŞ və Qərbin əsas aktorları artıq istəyinə nail olub. Onlara Ukraynanın nə istədiyi və yaxud onun gələcək taleyi bir o qədər əhəmiyyət kəsb etmir.
Əslində NATO-nun bu müharibədə təhdid bəyanatlarından savayı ciddi bir addım atacağı da öncədən gözlənilən deyildi. Çünki hələ dünyanın düz vaxtında – NATO müttəfiqləri ilə sonuncu dəfə 2016-cı ilin noyabrında qırıcı böhranı zamanı Türkiyənin tələbi ilə 4-cü maddə üzrə məsləhətləşmələr aparılıb. Hələ o zaman da NATO-nun tutarlı qərar aldığını müşahidə etmədik. Polşa ərazisinə vurulan raketin qəza olub-olmaması, yoxsa NATO-nun birliyini və effektivliyini yoxlamaq üçün Moskvanın planlaşdırdığı, təxribat olub-olmaması əslində elə də prinsipial əhəmiyyət kəsb etmir.
Burada əsas məsələ Rusiya ilə üz-üzə gəlmək istəməyən Qərb hadisəyə “qəsdən edilmiş hücum deyil” fikri üzərindən münasibət bildirməklə artıq savaşın dayandırılmasını nümayiş etdirməsidir. Beləcə, Ukrayna -Rusiya savaşına aktiv qatılmaq istəməyən Qərbin güc mərkəzləri NATO ölkəsi olan Polşaya düşən raketlərlə bağlı belə başdansovdu, oyuncaq ev dağılmış kimi bir yanaşmasına başqa ad vermək olmur.
Publika.az

