BMT-nin baş katibi Antonio Quterreş nüvə təhlükəsinin səviyyəsinin artması ilə bağlı narahatlığını ifadə edib və dünya ictimaiyyətini nüvə tərksilahına çağırıb.
Editor.az xəbər verir ki, onun Beynəlxalq Nüvə Silahlarının Tam Ləğv Edilməsi Günü ilə bağlı bəyanatı BMT-nin saytında dərc olunub. “Geosiyasi rəqabət nüvə riski səviyyəsinin Soyuq Müharibə səviyyəsinə qədər artmasına səbəb olub. Nüvə silahlarının istifadəsinin, yayılmasının və sınağının qarşısının alınmasında onilliklər ərzində əldə edilmiş çətin irəliləyiş geri çevrilir.
Nüvə riskini aradan qaldırmağın yeganə yolu onu ləğv etməkdir. Gəlin bu məhvetmə vasitələrinin yalnız tarix kitablarında qalmasını təmin etmək üçün birlikdə çalışaq”, – Quterreşin mesajında deyilir. O, qeyd edib ki, nüvə silahına malik olan dövlətlər qlobal fəlakətin qarşısını almaq üçün heç bir halda və heç vaxt istifadə etməməyi öhdələrinə götürməlidirlər.
Baş katib həmçinin Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsini hələ ratifikasiya etməmiş ölkələri dərhal bunu etməyə çağırıb. Müqavilənin qüvvəyə minməsi üçün onun nüvə silahına malik və ya onun hazırlanmasına çıxışı olan 44 dövlət tərəfindən ratifikasiya edilməlidir. Xatırladaq ki, bu günə qədər müqaviləni 36 ölkə ratifikasiya edib.
//Samir Qurbanov, Editor.az