Rusiya prezidenti Vladimir Putin bildirib ki, nüvə silahından istifadənin əsası Rusiyaya qarşı aerokosmik hücum silahlarının kütləvi şəkildə buraxılması ilə bağlı məlumatlar ola bilər.
O izah edib ki, bunlara hərbi təyyarələr, qanadlı raketlər və dronlar daxildir. “Rusiyanın nüvə silahından istifadəyə keçməsi üçün şərtlər açıq şəkildə göstərilib. Aerokosmik hücum silahlarının kütləvi şəkildə buraxılması və onların dövlət sərhədimizi keçməsi barədə etibarlı məlumat əldə etdikdən sonra bu ehtimalı nəzərdən keçirəcəyik. Mən strateji və ya taktiki təyyarələri, qanadlı raketləri, pilotsuz uçan aparatları, hipersəsli və digər təyyarələri nəzərdə tuturam”, – deyə Vladimir Putin Təhlükəsizlik Şurasının nüvə qarşısının alınması üzrə iclasında bildirib.
Təhlükəsizlik Şurasının nüvə qarşısının alınması üzrə iclası ilk dəfə olaraq açıq şəkildə keçirilib. Orada Vladimir Putin nüvə silahından istifadə şərtlərinin müəyyənləşdirilməsi ilə bağlı dəqiqləşdirmələrin təqdim edilməsindən danışıb. Prezidentin sözlərinə görə, nüvə dövlətinin dəstəyi ilə istənilən qeyri-nüvə dövlətinin Rusiyaya qarşı təcavüzü hücum kimi qiymətləndiriləcək.
//Samir Qurbanov, Editor.az