Berlində Ukrayna hökumət nümayəndələri ilə aparılan danışıqlar zamanı ABŞ və Avropa İttifaqı təmsilçiləri Kiyev üçün təhlükəsizlik təminatlarını nəzərdə tutan iki sənəd üzrə razılığa gəliblər.
Editor.az “The New York Times” nəşrinə istinadən xəbər verir ki, sənədlər Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsini, eləcə də Avropa qoşunlarının Ukraynaya birbaşa yerləşdirilməsinin qarşısının alınmasını nəzərdə tutur.
Məlumata görə, sənədlərdən birində kollektiv müdafiə prinsipini əks etdirən və NATO-nun Nizamnaməsinin 5-ci maddəsindəki təminatlara bənzər “ümumi prinsiplər” müəyyən edilib.
Razılaşmanın ikinci hissəsi ABŞ və Avropa hərbçiləri ilə onların ukraynalı həmkarları arasında əməkdaşlığı əhatə edir. Bu əməkdaşlığın qarşıdakı illərdə mümkün hərbi qarşıdurmaların qarşısının alınmasına xidmət edəcəyi gözlənilir.
Sənədlərə əsasən, Ukrayna ordusunun təxminən 800 min nəfərdən ibarət, yaxşı təlim keçmiş hərbi heyətə malik olması planlaşdırılır. Qərbin təklifləri çərçivəsində, həmçinin hərbi təchizatın və hazırlıq prosesinin təkmilləşdirilməsi, Avropa qoşunlarının isə Ukraynanın qərb bölgələrinə göndərilməsi nəzərdə tutulur.
Bəyanatda qeyd olunur ki, ABŞ Ukraynaya qoşun yeritməyi planlaşdırmır, lakin kəşfiyyat dəstəyi göstərəcək və atəşkəs rejiminə nəzarətdə iştirak edəcək. Eyni zamanda, Ukraynaya təqdim edilən yeni təhlükəsizlik zəmanətlərinin hüquqi qüvvəyə malik olacağı vurğulanır.
// Gülnarə Abasova, Editor.az

