“Ocağı” sönən Ocaq Nejat Bakının Tehrana son xəbərdarlığıdır!backend

“Ocağı” sönən Ocaq Nejat Bakının Tehrana son xəbərdarlığıdır!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İslam Respublikasının “ali dini rəhbəri” Əli Xameneinin Azərbaycandakı “nümayəndəsi” Əli Əkbər Ocaq Nejat Azərbaycanı tərk edib. Ocaq Nejatın Azərbaycanı tərk etməsi faktını İranın Azərbaycandakı səfirliyi də təsdiqləyib. Onun Azərbaycanı tərk etməsi özlüyündə bir sıra suallar da yaradır.

Ocaq Nejat Azərbaycanı niyə tərk etdi və onun ölkəni tərk etməsi niyə bu qədər səs gətirdi?

Məsələ ilə bağlı Editor.az-a danışan siyasi şərhçı Turan Rzayev bildirib ki, Seyid Əli Əkbər Ocaq Nejad 1991-ci ildə dövrün İran dövlət başçısı Haşimi Rəfsəncaninin sərəncamı ilə Azərbaycan Respublikasına dini təbliğatçı kimi göndərilir.1996-cı ilə qədər bir müddət Seyyid Əli Xameneinin Azərbaycandakı o vaxtkı nümayəndəsi Ayətullah Səbri Həmədaninin müavini kimi çalışıb. 1996-cı ildən isə ali dini liderin Azərbaycan üzrə nümayəndəsi vəzifəsinə təyin olunur. Eyni zamanda bir müddət İran Mədəniyyət Mərkəzinin rəhbəri vəzifəsini tutub:

“Ocaq Nejatın İran Mədəniyyət Mərkəzinin rəhbəri olması eyni zamanda diplomatik statusa malik olması sözün əsl mənasında onun əl qolunu açıb. 1996-cı ildən bu günə qədər ətrafında geniş bir kütlə toplayan Ocaq Nejad Azərbaycanda inanclı təbəqə arasında geniş bir hörmət qazana bilib. Xüsusilə onun müxtəlif vaxtlarda dərc etdiyi kitabları, vaxtaşırı moizələri ölkədə iran meyilli qüvvələrin sayını da kifayət qədər artırıb. Ocaq Nejad savadlı ruhani olmaqla yanaşı, istedadlı natiq və təbliğçidir. Bu səbəbdən də onun çıxışları, moizələri böyük maraqla qarşılanır. Ocaqnejatın bir xüsusiyyəti də ölkədə ticarətlə məşğul olmaq istəyən iran meyilli şəxslərə xüsusi imkanlar yaratmasıdır. Söhbət ticarətlə məşğul olan inanclı şəxslərin İran mallarını ucuz əldə edib, rahat şəkildə ölkədə satmasından gedir. Nəticə etibarilə deyə bilərik ki, Ocaq Nejad təkcə İranın ölkəmizdəki dini təbliğatçı deyil, həm də gözü, qulağı bir sözlə, yumuşaq güc siyasətinin aparıcı fiquru idi”.

Siyasi analitik qeyd edib ki, Rəsmi Bakı  illərdir bu şəxsi ölkədən uzaqlaşdırmaq, rəsmi Tehranın Azərbaycandakı inancı kəsim üzərindəki nəzarətini qırmaq istəyirdi:

“44 günlük müharibə və sonrası İranın sərgilədiyi antiazərbaycan mövqeyi, eyni zamanda Ermənistana verdiyi maddi, hərbi və logistik dəstək İran-Azərbaycan münasibətlərinin soyuqlaşmasına gətirib çıxardı. Son bir neçə həftə ərzində İranın əsassız və heç bir məntiqə sığmadan tamamilə paranoid davranışları, iranlı rəsmilərin işlətdiyi təhdidvari ifadələr, onsuz da soyuq olan İran-Azərbaycan münasibətlərinin gərginləşməsinə səbəb oldu. Hazırda tərəflər arasında gərginliyin yüksək olduğunu da nəzərə alsaq rəsmi Bakının Tehrana ciddi bir mesaj verməsi gözlənilirdi. Bu ya Azərbaycanın İrandakı səfirinin geri çağırılması və ya İran səfirinin ölkədən xaric edilməsi ya da Ocaq Nejadın ölkədən çıxması olmalı idi. Səfirin geri çağırılması faktiki olaraq İran-Azərbaycan münasibətlərinin qopması deməkdir. Rəsmi Bakı bunun olmasını istəmir. Çünki Azərbaycan Ankaranın da istədiyi regionda yaradılacaq 3+3 və ya digər adı ilə 6-lıq platformanın yaradılmasında maraqlıdır. Digər tərəfdən, prosesin indiki həddə gəlməsində Ermənistanda payını bilən Bakı bu addımı atmadı. Əvəzində çoxdandır istədiyi şeyi, yəni İran İslam Respublikasının “ali dini rəhbəri” Əli Xameneinin Azərbaycandakı “nümayəndəsi” Əli Əkbər Ocaq Nejadı ölkəsinə yola saldı. Prinsip etibarilə bu səfirimizin geri çağırılmasına daha məhsuldar bir gediş oldu. Rəsmi Bakı bununla 3 şeyə nail oldu”.

“Birincisi, bu addım Tehrana verilmiş açıq bir mesajdır. Yəni İran möcud tutumundan əl çəkməsə Ocaq Nejadın ardınca İranın ölkəmizdəki səfiri də İrana geri qaytarıla bilər. Bakı həm də bununla İrandan çəkinmədiyini, əksinə qarşıdakı Azərbaycanın 2000 ci illərin Azərbaycanı olmadığını göstərmiş oldu”.

“İkincisi, Azərbaycan Ocaq Nejadı ölkəsinə yola salaraq İranın ölkədəki inancı kəsim üzərindəki təsirini qırmaq yolunda əsaslı addım ata bildi. Bu həm də İranın “şiə hilalı” planında mühüm bir cəbhədən zərbə alması deməkdir. Çünki “şiə hilalı” planı çərçivəsində Azərbaycan və onun inancı kəsimi rəsmi Tehran üçün baza funksiyası daşıyırdı”.

“Üçüncüsü, rəsmi Bakı bu addımla özünün İrana deyil, İranın ona ehtiyacı olduğunu göstərmiş oldu. Yəni İranın istənilən təzyiqi Bakını narahat etmir. Bakı bu günə qədər Qərbin və ya ABŞ-ın iqtisadi, siyasi təzyiqlərinə qoşulmayıb. Digər tərəfdən, rəsmi Bakı ABŞ-ın bir neçə dəfə İran əleyhinə yaratmaq istədiyi koalisiyaya da qoşulmayıb. Bu gün Azərbaycan İran üçün həm də Qərbə açılan qapıdır. Rusiya ilə ticarətdə də Azərbaycan İran üçün həyati əhəmiyyət kəsb edir. Rəsmi Bakı son dəfə Tehranın bu reallıqları anlamasını istəyir”.

//Gülnarə Abasova, Editor.az