Ödənişli əsaslarla təhsil alan tələbənin imtahandan kəsilməsi ona daha çox təsir edir: “Kəsiri olanlar da  kreditdən istifadə etməlidir”backend

Ödənişli əsaslarla təhsil alan tələbənin imtahandan kəsilməsi ona daha çox təsir edir: Kəsiri olanlar da  kreditdən istifadə etməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda ali təhsil müəssisələrində tələbələrin hər semestr bilik və bacarıqlarının qiymətləndirilməsi Baloniya sisteminin şərtlərinə uyğun olaraq təşkil edilir.  Düşünürəm ki,  imtahana qədərki proses nəticəsində tələbələrin qiymətləndirilməsi daha obyektivdir. Çünki bu zaman onlar semestr ərzində davamiyyətə, seminarlarda, kollekviumlarda, mühazirələrdə əldə etdikləri nəticəyə görə qiymətləndirilir. İmtahan zamanı isə müvafiq semestr ərzində əldə etdiyi bilik və bacarıqlarının yazılı imtahanda 5 sual, test üsulunda isə 50 sual ətrafında qiymətləndirilməsi aparılır”.

Bu sözləri Editor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Ekspert bildirib ki, tələbələrin narazılıqları daha çox  imtahan prosesi zamanı ortaya çıxır:

“Bəzən bir sıra tələbə iddia edir ki, onların imtahan nəticələri obyektiv qiymətləndirilməyib və sualların əksəriyyəti onlara tədris olunan mövzuları əhatə etmir. Bu narazılıqlar da onu deməyə əsas verir ki, əsasən imtahan prosesində qeyri-obyektiv  qiymətləndirmənin olması mümkündür. Ümumilikdə isə Baloniya sisteminin tətbiqindən sonra tələbələrin  qiymətləndirilməsi ilə bağlı məsələlərdə əvvəlki dövrə nisbətən  daha əlverişli mühit formalaşıb. Çünki biz şahidi oluruq ki, yaxşı oxuyan hər bir tələbə öz qiymətini ala bilir. Problemlər yalnız  davamiyyətinə, dərslərinə biganə yanaşan tələbələrlə baş verir. Azərbaycan Respublikasında 54 ali, 57-ə yaxın isə özəl və orta ixtisas təhsil müəssisəsi var.  Ümumi təhsil alan tələbələrin sayı kifayət qədər çoxdur”.

Elçin Əfəndi qeyd edib ki, ödənişli əsaslarla təhsil alan tələbələrin imtahanlardan kəsirlərinin qalması onlara daha çox təsir edir: ” Məlumdur ki, artıq ötən ildən etibarən tələbə kreditinin verilməsinə başlanılıb. Kəsirləri olan tələbələr isə kredit üçün müraciət edə bilmirlər və bunun nəticəsində bəzi tələbələr təhsilini dayandırmalı olurlar. Hesab edirəm ki, bu istiqamətdə müəyyən işlər aparılmalı,  Təhsil Tələbə Kredit Fondu ilə  ümumi bir razılıq  əldə olunmalıdır. Belə olmadıqda imtahan zamanı balın kəsilməsinə meyil etməklə bağlı amillər aradan qaldırılmalıdır”.

//Gülnarə Abasova, Editor.az