“Oftalmologiya sahəsində qazandığımız uğurların bünövrəsi Zərifə Əliyevanın elmi fəaliyyətinin üzərində qurulub”- Millət vəkilibackend

“Oftalmologiya sahəsində qazandığımız uğurların bünövrəsi Zərifə Əliyevanın elmi fəaliyyətinin üzərində qurulub”- Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Səhiyyə elminin inkişafında müstəsna xidmətləri olan Akademik Zərifə Əliyevanın həyat və fəaliyyəti hər bir tibb işçisi üçün bir örnək olmalıdır. Onun tibb elminə verdiyi töhfələr, yetişdirdiyi təcrübəli kadrlar müstəqillik illərində səhiyyə sisteminin formalaşmasında əhəmiyyətli rol oynayıb”.

Bunu açıqlamasında deputat Vüqar İskəndərov deyib.

“Zərifə xanım Əliyevanın tibbi sahədə gördüyü işləri sadalamaqla bitirmək olmaz. Ən əhəmiyyətli işlərindən biri də traxoma infeksion xəstəliyinin qarşısının alınmasında göstərdiyi fədakarlıqlardır. Ötən əsrin 40-cı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyurdu. Nəticədə Zərifə xanımın müalicə metodu bütün respublikada tətbiq edilirdi. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Bu baxımdan bir daha qeyd etmək yerinə düşər ki, səhiyyə işçilərimiz yalnız onun elmi fəaliyyətindən yox, həm də göstərdiyi fədakarlıqlarından da bəhrələnməli, özləri üçün nəticə çıxarmalıdırlar. Zərifə xanım tibb sahəsində bir həkim olmaqla yanaşı gənc həkimlərin sanki mənəvi anası rolunu da oynayırdı. Onlara daim dəstək olur, ana qayğısı göstərərək onların peşəkar kadr yolunda addımlamasına yardımçı olurdu. Alim gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdi. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdi. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətməklə yanaşı, onlara diqqət və qayğı ilə yanaşmışdı. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdı. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdi. Elə müasir dövrdə də ölkəmizin oftalmologiya sahəsində qazandığı uğurların bünövrəsi məhz Zərifə xanımın elmi fəaliyyətinin üzərində qurulub. Çünki məhz onun fəaliyyəti, elmi kəşfləri və yetişdirdiyi kadrlar sayəsində Azərbaycan Oftalmologiyası güclü bir inkişaf yolu keçmişdir”.

//Gülnarə Abasova, Editor.az