“Ohanyan xətti”ni 20 dəqiqəyə yardıq – Xüsusi təyinatlımız savaşın İLK GÜNÜNDƏN danışırbackend

“Ohanyan xətti”ni 20 dəqiqəyə yardıq – Xüsusi təyinatlımız savaşın İLK GÜNÜNDƏN danışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Düz 2 il bundan öncə başlayan və 44 gün davam edən savaş tariximizin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. 2020-ci ilin sentyabrın 27-də Ermənistanın növbəti məkrli niyyətinin qarşısı qətiyyətlə alındı.

30 illik işğaldan sonra Qarabağın azad olunmasında böyük payı olan igidlərdən biri ilə həmsöhbət olmuşuq. Publika.az-a danışan kəşfiyyat baş idarəsinin xüsusi təyinatlılarında qrup komandiri kimi döyüşlərdə iştirak edən Asim Əliyev savaşın ilk günündən Qubadlının azad olunmasına qədər düşmənə ağır zərbələr endirib, böyük qəhrəmanlıq göstərib. Xüsusi təyinatlı kəşfiyyatçımız Cəbrayılın, Hadrutun, Füzulinin və Qubadlının azad olunmasında yaxından iştirak edib, bir neçə dəfə yaralanıb, ancaq sağalaraq yenidən Şuşaya qədər döyüş yolunu davam etdirib.

Asim müharibənin ilk günündə sol budundan güllə yarası alır. Cəbrayılda və Qubadlıda diz oynağından, sol dirsəyindən və qarın nahiyəsindən qəlpə yarası alır. Ancaq dayanmır, yaralı halda döyüşə davam edir. O, tapşırığı sona çatdırmadan öldü var, döndü yoxdur deyir.

Asim Əliyev savaşın ilk gününü belə xatırlayır:

Üç istiqamətdən Cəbrayıla əks-hücum

“27 sentyabr hər zaman olduğu kimi ermənilər təxribata əl atdı. Təcavüzkar Ermənistan ordusu bütün cəbhə boyu təxribata törətdi. Qazaxlar kəndini, Horadiz yaşayış məntəqəsini iriçaplı artilleriya atəşinə tutdular. Ordumuz da buna qarşılıq olaraq əks-hücum əməliyyatlarına başladı. Əvvəl qrup komandirinin müavini idim, birinci qrupda idim, 27-si qrup komandirimiz Kənd Horadizdə düşmənin xüsusi təyinatlıları ilə döyüş zamanı yaralandı. Sonra isə 27-dən Qubadlının alınması gününə qədər mən qrup komandiri olaraq iştirak etdim. Döyüşlər Araz qırağından Lələtəpə yüksəkliyi, Vilayət postu və Yastıtəpə yüksəkliyi istiqamətində başladı. Əslində cəbhəboyu hücumlar var idi.

Əsas düşməni aldatmaq üçün manevrlər edirdik, gücü başqa yerdə göstərib başqa yerdən hücum etmək lazım idi. Ona görə də əsas qeyd etdiyim 3 istiqamətdən hücuma başladıq. Bu, Cəbrayıl şəhərinin azad olunması üçün başladılan əməliyyat idi. Sentyabrın 27-də Yastıtəpə istiqamətindən əks-hücuma keçdik. Mən kəşfiyyat baş idarəsinin xüsusi təyinatlılarında qrup komandiri kimi döyüşlərdə iştirak edirdim. Lələtəpə yüksəkliyinin sağ tərəfində yaşayış məntəqələrimizin təhlükə mənbəyi olan Yastıtəpə yüksəkliyində düşmənin mövqeləri var idi. Onların 30 il boyunca böyük fəxrlə bəhs etdikləri “Ohanyan xətti”ni biz təxminən 20-30 dəqiqə sürətli şəkildə yararaq Yastıtəpəni dərhal nəzarətə götürdük. Bundan sonra düşmən qaçmağa başladı.

Kənd Horadizin sonuna, Cəbrayıl rayonunun Nüzgar kəndinin başlanğıcına qədər olan ərazisini saat 3-ə qədər tam azad etmişdik. Yastıtıpə yüksəkliyinin alınması həm də o istiqamətdə azad etdiyimiz ərazini, düşmənin təminat yollarının tam nəzarətə götürülməsi demək idi. Həmin mövqedə yerləşib oraya qruplarımızdan birini yerləşdirdik. O qrup artilleriya, aviasiya bölmələrimizə koordinatları ötürürdü, beləcə həmin kəndlərə düşmənin təminat çatdırmasının qarşısını aldıq. Çıxılmaz vəziyyətdə qalan ermənilər geri çəkilməyə məcbur oldu. Bununla da düşmənin ön xətti yarılmış hesab olunurdu.

Kənd Horadizi aldıqdan sonra sola – Nüzgar kəndinə doğru hərəkət elədik, soldan fırlanıb Quycaq kəndinə, daha sonra isə Şeybey kəndi və bu istiqamətdə də Cəbrayıl şəhərinə doğru irəlilədik. Qeyd etdiyim kəndlər ilk gün adı açıqlanan azad olunan kəndlər idi. Onları biz azad etdik. Həmin gün Kənd Horadiz, Füzulinin bir neçə kəndi, Cəbrayılın Çaxırlı, Quycaq, Şeybey kəndləri azad olundu”.

Düşmənin müdafiə xətlərinin yarılması

A.Əliyev bildirir ki, düşmənin əsas birinci müdafiə xətti Böyük Cocuq Mərcanlı, Kənd Horadiz istiqamətində yerləşirdi. Onların Cəbrayıla getmələrində də əsas mane məhz bunlar olub: “Biz ön xətti yarandan sonra ikinci müdafiə xətti qurulmuşdu, bundan əlavə, Quycaq kəndi istiqamətində düşmənin daha böyük – üçüncü müdafiə zolağı var idi. Onları yarandan sonra tam sərbəst və sürətli şəkildə Cəbrayıl şəhərinə doğru irəliləyə bildik. Biz oktyabrın 2-dən 3-nə keçən gecə Quycaq kəndini keçib, Cəbrayıla doğru hərəkət edirdik. Əsas gecə hərəkət edib mövqelənirdik. Düşmənlə bizim qoşunların təmas vaxtını bilirdik. Məsələn, bizim piyada qoşunlarımız səhər saatlarında hücuma keçəcək, həmin vaxt biz arxadan manevr edib düşməni məhv edəndən sonra qoşunlarımızın qarşısı açılırdı və sürətlə irəliləyə bilirdilər”.

Düşmənə sarsıdıcı zərbə

Asim və döyüş yoldaşları Kənd Horadizdə düşmənin bir piyada qoşunlarını məhv edirlər, daha sonra isə xüsusi təyinatlı 3 erməni qrupunu darmadağın edirlər:

“Quycaq kəndində düşmənin üçüncü müdafiə zolağı var idi, orada müqavimət göstərirdilər. Əsas çətinliyimiz ac və susuz olmağımız, 6 gün hərəkətdə olmağımız, Nüzgar kəndində mühasirədən çıxmağımız idi ki, bu da bizi çox yormuşdu. Buna görə də onların bizə yüngül müqaviməti də ağır gəlirdi. Ancaq Cəbrayıl şəhərinə yaxınlaşdıqca düşmən qaçırdı”.

Cəbrayıla gedən yolda mühasirə

Asim Əliyevin qrupu və digərləri Cəbrayıla doğru irəliləyərkən Nüzgar kəndi istiqamətində dörd tərəfdən mühasirəyə düşürlır, orada 17 şəhid verirlər: “Mühasirədə olduğumuz zaman artilleriya qoşunlarını çağırırdıq. Onlar yerdəyişmə edirdi və ehtiyat mövqeyə keçirdilər. Biz artilleriyanın yerdəyişmə etdiyi bir zamanda mühasirəyə düşdük. Hər tərəfdən mərmilər üstümüzə yağış kimi yağırdı. Biz artilleriyanı çağıranda hərbi hava qüvvələrinin pilotu kapitan Səfərov 2-ci qrupun komandiri ilə əlaqəyə çıxdı və ona bildirdik ki, bizə iki istiqamətdən kömək lazımdır. Kapitan isə bir istiqamətdən kömək edə biləcəyini dedi və Nüzgar kəndi istiqamətindən atdı, düşmən qüvvələrini həmin istiqamətdə məhv etdi. Sonra isə oranı yarıb Quycaq kəndinə çıxdıq.

Qələbədə tək mənim yox, qrupumda iştirak edən baş kəşfiyyatçıdan rabitəçiyə qədər hər birinin əvəzedilməz rolu var. Rütbə daşımağımızdan asılı olmayaraq, hər rütbəmizin hər toxunuşunda bir şəhidin qanı var. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Sağlamlığımın 61 faizini itirməyimə baxmayaraq, Ali Baş Komandanın bütün əmrlərini yerinə yetirməyə hazırıq. Əgər bir dövlətin məktəbində şəhadət varsa, o dövlətin millətində əsarət olmaz. Şəhidlərimizi dərin hörmət və ehtiramla anırıq. Havadan barıt qoxusu gəlirsə, bütün Azərbaycan xalqı əsgər kimi davranmalıdır. Şəhid ailələrinin dərdinə şərik olmalıyıq, şəhidlərimizi daim uca tutmalıyıq. Onlar bizim müqəddəs and yerimizdir. Biz uzun illər qələbə görməmişik, zəfərimizin təməlini şəhidlərimiz, qəhrəman ordumuz qoydu”.

Asim Əliyev iki dəfə “İgidliyə görə”, “Azərbaycan bayrağı” və “Rəşadət” ordenləri ilə, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Akqabay Mıardov