Oksford Universitetinin hazırladığı koronavirusa qarşı vaksin sınaqdan uğurla keçibbackend

Oksford Universitetinin hazırladığı koronavirusa qarşı vaksin sınaqdan uğurla keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oksford Universitetinin tədqiqatçılar qrupu Böyük Britaniya və İsveçin müştərək “AstraZeneca” əczaçılıq kompaniyası ilə birgə hazırladığı koronavirus əleyhinə vaksinin test sınaqlarının ilk müsbət nəticələrini əldə edib.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, mütəxəssislər vaksin vasitəsilə immunitetin artmasına nail olub. Bu barədə dəqiq məlumatlar “The Lancet” tibb jurnalında dərc olunacaq.

“İmmun sisteminin reaksiyası həm anticisimlər, həm də T-hüceyrələri (limfosit) ilə əlaqəlidir. Hazırda bütün diqqət anticisimlər üzərində cəmlənsə də, T-hüceyrələrinin reaksiyasının da koronavirusdan müdafiə üçün vacib olduğu müəyyən edilib”, – deyə universitetdən bildiriblər.

Bununla yanaşı, vaksinin effektivliyi yalnız sınaqların hazırda Braziliyada davam edən üçüncü, yekun mərhələsində tam müəyyən olunacaq. Klinik sınaqların Birləşmiş Krallıqda keçirilən ikinci mərhələsində 5-12, 56-69 yaşarası və 70 yaşdan yuxarı 10 mindən çox könüllü iştirak edib. Sınaqların ilk mərhələsinə isə 18-55 yaşarası mindən çox insan cəlb olunmuşdu.

“AstraZeneca” kompaniyası Oksford preparatının uğurlu klinik sınaqlarına ümid edərək artıq 2 milyard vaksin dozasının hazırlanması üçün lazımi istehsal gücünü təmin edib.

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib. Mart ayının 11-də yeni koronavirus infeksiyasının yayılması pandemiya elan olunub.

Pandemiyanın statistikasını aparan “Worldometer” saytının Bakı vaxtı ilə bu gün saat 18:00-a olan məlumatına əsasən, Böyük Britaniyada 291 min 373 yoluxma və 44 min 968 ölüm faktı qeydə alınıb.