Almaniya kansleri Olaf Şolz rəhbərlik etdiyi Almaniya Sosial Demokrat Partiyasını (SPD) “çox bütov partiya” adlandırıb və 2025-ci il seçkilərində yenidən namizədliyini irəli sürəcəyini bildirib.
Onun sözlərinə görə, Sosial Demokratlar gələn il keçiriləcək federal seçkilərdə qalib gəlmək niyyətindədirlər. “Və mən yenidən kansler olmaq üçün namizədliyimi irəli sürəcəyəm”, – deyə cənab Şolz Berlində yay mətbuat konfransında bildirib. O, seçkilər zamanı cəmiyyətdə əhval-ruhiyyənin “SPD-nin xeyrinə dəyişəcəyini” gözləyir. Kansler deyib ki, o, seçiciləri “fəaliyyət və aydınlıq yolu ilə” inandırmaq istəyir.
Qeyd edək ki, Olaf Scolz 8 dekabr 2021-ci ildən Almaniyanın Federal Kansleri vəzifəsində çalışır. Bundan əvvəl o, üç il Almaniyanın vitse-kansleri və maliyyə naziri olub. Bu il Almaniyada keçirilən Avropa Parlamenti seçkilərində SPD ən pis nəticəsini göstərib. O, sağ mərkəzçi CDU/CSU blokundan və ifrat sağçı “Almaniya üçün Alternativ” partiyasından sonra üçüncü olub.
//Samir Qurbanov, Editor.az

