Ölkəmiz dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən biri kimi:”Onlar arasında heç bir ayrı-seçkilik yoxdur”backend

Ölkəmiz dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən biri kimi:“Onlar arasında heç bir ayrı-seçkilik yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

Qlobal problemə çevrilməkdə olan dünyada diskriminasiyanın, milli-dini ədavətin artan xətlə inkişaf etməsi halları daha çox Avropa və Qərb dünyasında qabarıq şəkildə təzahür edir. Azərbaycan isə müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmiz dini tolerantlıq baxımından da nümunəvi ölkələr sırasındadır. Ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan çoxmillətlilik dəyərlərin müstəsna rolu vardır. Onu da qeyd edək ki, mövcud qanunlarımıza görə, respublikamızda hər bir kəs dinə münasibətini müəyyənləşdirməkdə, istədiyi dinə etiqad etməkdə sərbəstdir.

2020-ci il Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdəki dini-tarixi abidələrimiz də bərpa edilir. Bu proses dövründə də ölkəmiz heç bir ayrı-seçkiliyə yol verməyib. Məsələn, işğaldan azad edilmiş Şuşa şəhərində yerləşən tarixi məscidlərlə yanaşı, Qazançı kilsəsinin yenilənməsi və s. kimi amilləri nümunə göstərə bilərik.

Bəs bu gün tolerantlıq istiqamətində digər ölkələrdən hansı xüsusiyyətlərimizlə fərqlənirik?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda uzun illərdir həyata keçirilən siyasət nəticəsində ölkəmiz dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilib:

“Bütün dinlərin nümayəndələri Azərbaycanda sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Onlar arasında heç bir ayrı seçkilik yoxdur. Dövlətin bu sahəyə çox böyük diqqəti və qayğısı var. Azərbaycanda fəaliyyət göstərən bütün dinlərin nümayəndələri dövlətin qayğısını ən yüksək səviyyədə hiss edirlər. Bu gün ölkəmiz nəinki dini etiqad azadlığı üçün şərait yaradır, eyni zamanda, onlara maliyyə yardımı da ayırır. Bu, özünü bütün istiqamətlərdə açıq şəkildə göstərir. Azərbaycanın bu təcrübəsi, uğuru bütün dünya ölkələri tərəfindən yüksək qiymətləndirir, təqdir olunur. Davamlı olaraq ayrı-ayrı ekspertlər, mütəxəssislər ölkəmizin bu istiqamətdəki fəaliyyəti ilə bağlı müsbət fikirlər səsləndirirlər. Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq, dövlətimizdə həm müsəlmanlar, həm xristianlar, həm də yəhudilər rahat fəaliyyət göstərir. Bakının mərkəzində biz bütün kilsələrin və sinaqoqların sərbəst fəaliyyətini açıq-aydın görürük”.

Deputat qeyd edir ki, ölkəmizdə Provaslav, Katolik kilsəsi, iki yəhudi sinaqoqu sərbəst fəaliyyətini davam etdirir:

“Onların fəaliyyətinə hansısa məhdudiyyətdən söhbət gedə bilməz. Ölkəmiz hazırda bütün əhəmiyyətli işləri həyata keçirir ki, bu istiqamətdə öz töhfəsini verə bilsin. Dövlətin siyasətində, yanaşmasında açıq şəkildə görürük ki, bizim ölkədə hər hansı ayrı-seçkilikdən söhbət gedə bilməz. Dövlətimiz hər kəsə eyni qayğını göstərir. Biz bu xüsusiyyətləri hər bir ölkə haqqında söyləyə bilmərik, çünki bu,  Azərbaycanın qazandığı uğurdur. Hər ölkə bu siyasəti ölkəmizdəki kimi həyata keçirə bilmir. Azərbaycanın bu istiqamətdəki müsbət təcrübəsi bütün dünya ölkələri tərəfindən yüksək qiymətləndirilir. Qarşıda isə olduqca əhəmiyyətli vəzifələr dayanır. Biz bu dəyərləri qoruyaraq gələcək nəsillərə çatdırılması istiqamətində də səylə çalışmalıyıq “.

Safura Bənnayeva, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.