Ölkənin hər yerində “Azərlotoreya” məntəqələri: “İnsanları rahat pul qazanmağa yönləndirən bu tip oyunlar birbaşa qumarı təbliğ edir”- Millət vəkilibackend

Ölkənin hər yerində “Azərlotoreya” məntəqələri: “İnsanları rahat pul qazanmağa yönləndirən bu tip oyunlar birbaşa qumarı təbliğ edir”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təəssüf ki, ölkəmizdə son zamanlar insanlarda mərc oyunlarına maraq artır. Nəinki Bakı şəhərində, deputatı olduğum Gəncədə də addımbaşı mərc oyunları məntəqələri görmək mümkündür. İnsanların şirnikləşdirilib bu cür oyunlara cəlb olunması qumarın təşkilinə marağın artmasına səbəb olur. Böyük şəhərlərin hansı nöqtəsinə getsən, bu oyunları görmək mümkündür. Şəhərin mərkəzi küçələrində hər kəs “Azərlotoreya” məntəqələrinə toplaşır və asan pul qazanacağını düşünərək bəzən son qəpiklərini belə bu şans oyunlarına sərf edirlər. İnsanları rahat pul qazanmağa yönləndirən bu tip oyunlar birbaşa qumarı təbliğ edir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkili qeyd edib ki, bu tip oyunlara maraq salan daha çox işi olmayan insanlardır:

“Küçə oyunları, mərc oyunları, mobil qumarxanalar ölkəmizdə getdikcə çoxalır. Bu gün küçələrdə, meydanlarda belə oyunların məntəqələrinin başında izdihamları gördükdə maariflənmə aparılmasının vacibliyi bir daha ortaya çıxır. Ciddi şəkildə KİV-də belə oyunların mahiyyəti insanlara izah edilməlidir. Lakin çox təəssüf ki bunun əksini görürük mediada, xüsusilə baxılan kanallar və oxunma sayı yüksək olan saytlarda bu oyunlar təbliğ və reklam olunur. Televiziyalara, saytlara da bununla bağlı pul ayırırlar ki, onları təbliğ etsinlər. Media bu məsələdə həssaslıq nümayiş etdirməli düzgün maarifləndirmə siyasətini qurmalıdır. Ən pis hal da ondan ibarət ki, hazırda məktəb və universitetlərin ətrafında da bu məntəqələrdən fəaliyyət göstərənlər var və gələcəyimiz olan uşaqlar, gənclər səhv istiqamətə yönləndirilir, birbaşa onlara qumar təbliğ olunur. Bu məsələdə ciddi düşünülüb, lazımi addımların atılması çox vacibdir”.

//Gülnarə Abasova, Editor.az