“Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına verdiyi müsahibədə 44 günlük böyük qələbəmizin arxasında duran bir sıra amillərə toxundu və dünyaya bir çox məsələlərlə bağlı mühüm mesajlar verdi. Cənab Prezident beynəlxalq təşkilatların Azərbaycan- Ermənistan münaqişəsinə son qoyulması və bölgədə sülhün təmin edilməsi baxımından üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərini faktlarla açıq şəkildə bəyan etdi”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
O, bildirib ki, Prezident İlham Əliyev sözügedən müsahibəsində bölgədə Azərbaycan- Ermənistan münasibətlərindəki mövcud situasiya ilə bağlı mühüm məqamlara toxundu:
“Cənab Prezident müsahibəsində Azərbaycan dövlətinin regionda sülhün və təhlükəsizliyin təmin edilməsi baxımından irəli sürdüyü təkliflərə Ermənistanın cavab vermədiyini söylədi. Ölkə başçısının da dediyi kimi, əgər Ermənistan özünün işğalçılıq siyasətini davam etdirərsə, ” Dəmir Yumruq” onun başını yenidən əzəcək”.
Millət vəkilinin sözlərinə görə Prezident İlham Əliyevin müsahibəsində söylədiyi fikirlər Ermənistan və onun havadarlarına verilən son xəbərdarlıqlardır:
“Prezident Rusiyanın Ermənistanı silahla təchiz etməsi, eyni zamanda Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamalarla bağlı narazılığını dilə gətirərək bildirdi ki, artıq münaqişə bitib və Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad edib. Bundan sonrakı proseslərdə artıq Azarbaycan- Ermənistan sərhədi müəyyənləşməli, sülh sazişi imzalanmalıdır. Ölkə başçısı bu fikirləri ilə Rusiya hakimiyyətini vəziyyəti mürəkkəbləşdirən, Ermənistanda revanşizmi körükləyən addımlar atmaqdan çəkinməyə dəvət etdi. Regionda vəziyyət mürəkkəbdir. Bunun səbəbi Ermənistanın hiyləgər, riyakar siyasi dairələrinin ikili oyunlar oynamasıdır. Ermənistan bir tərəfdən Rusiyanı proseslərə cəlb etməyə çalışmaq, digər tərəfdən qərbə meyilli addımlar atmaqla mövcud vəziyyəti daha da gərginləşdirməyə çalışır. Ermənistan qəsdən qərb meyilli siyasəti davam etdirir, çünki Rusiya bunu bölgədə özü üçün təhlükə hesab edərək Ermənistanı təsir dairəsində saxlamaq məqsədilə ona şirnikləşdirici vədlər verir. Rusiya Ermənistan ordusunu yenidən ayağa qaldırmaq üçün silahlandırma işlərinə başlayıb. Bu da bölgədə yenidən hərbi əməliyyatların başlaya biləcəyinə işarədir. Cənab Prezidentin bu məsələlərlə bağlı açıq şəkildə söylədiyi fikirlər Rusiyaya Azərbaycan dövləti səviyyəsində verilmiş mesajdır. Həqiqətən də, Rusiya bu cür əməllərindən əl çəkməsə, regionda vəziyyət daha da gərginləşəcək. Düşünürəm ki, əgər Rusiya Ermənistanı silahlarla təchiz etməkdən imtina etməsə, birmənalı şəkildə Türkiyə Silahlı Qüvvələri Azərbaycanda Ermənistanla sərhədboyu ərazilərdə yerləşdirilməli, Laçın koridoru Azərbaycanın tam nəzarətinə keçməlidir”.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev müsahibəsində İran- Azərbaycan münasibətlərinə də toxundu:
“Ölkə başçısı İranda seçilmiş yeni prezidentin son açıqlamalarının Azərbaycan- İran münasibətlərində müsbət amillər formalaşdıra biləcəyini qeyd etdi. Bir neçə gün öncə Azərbaycan Xarici İşlər Nazirliyi İrana rəsmi şəkildə nota verdi, bu xəbərdarlıqdan nəticə çıxarılmasa, Azərbaycan İrana qarşı da sərt mövqeyini ortaya qoyacaq”.
Fəzail Ağamalının sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün öncə “CNN Türk” televiziya kanalına verdiyi müsahibədə söylədiyi qətiyyətli fikirlərlə Azərbaycan xalqının sarsılmaz gücünü, mübariz iradəsini yenidən bütün dünyaya göstərdi.
//Gülnarə Abasova, Editor.az

