“Ölkə başçısının söylədikləri təkcə Ermənistan üçün deyil, status xülyasına düşmüş himayədarları üçün də bir mesaj idi”- Deputatbackend

“Ölkə başçısının söylədikləri təkcə Ermənistan üçün deyil, status xülyasına düşmüş himayədarları üçün də bir mesaj idi”- Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hər iki xalqı ən çox düşündürən məsələlərdən ən önəmlisi, bəlkə də elə birincisi, Qarabağdakı ermənilərin statusu məsələsi idi. Bundan həm Azərbaycan cəmiyyəti, həm də Qarabağdakı ermənilər narahat idi. Ölkə başçısının da qeyd etdiyi kimi, Qarabağdakı erməni sakinləri də Azərbaycan vətəndaşı olacaq və bu, onlar üçün əslində bir şansdır. İnteqrasiya, inkişaf etmək istəyirlərsə, bunu mütləq dəyərləndirməlidirlər. Prezident İlham Əliyevin statusla bağlı söylədikləri təkcə Ermənistan üçün deyil, status xülyasına düşmüş himayədarları üçün də bir mesaj idi”.

Bu sözləri Editor.az-a açıqlamasında Prezident İlham Əliyevin ötən gün Ağsu və İsmayıllı rayonlarına səfəri zamanı verdiyi açıqlamalarda bir sıra mətləbləri dəyərləndirən Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkili qeyd edib ki, Qarabağın inkişafı üçün ilk növbədə mükəmməl infrastruktur yaradılmalıdır:

“Hazırda bu istiqamətdə həyata keçirilən layihələr bütün sahələri əhatə edir. Bunlar bölgənin həm iqtisadi, həm sosial inkişafının təmin olunması üçün önəmlidir. Dövlət işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri ilə yanaşı, həmin ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası üçün addımlar atır. Laçın dəhlizinə çəkilən alternativ yol şəhərin özündən yan keçərək hər iki tərəfin istifadəsinə veriləcək. Bu yol Azərbaycan üçün çox əhəmiyyətli tranzit xətti olacaq. Belə ki, bundan sonra həm Qərb, həm də Şərq ölkələrinin Azərbaycana olan geosiyasi marağı daha da artacaqdır. Bölgənin də rentabelliyi əhəmiyyətli dərəcədə inkişaf edəcək. Hesab edirəm ki, bu tranzit şans bölgədə sülh və sabitliyi şərtləndirəcəkdir. Çünki artıq Cənubi Qafqazda geosiyasi maraqları olan ölkələr Ermənistan hakimiyyətindən birbaşa bunu tələb edəcəkdir. Laçın dəhlizi Azərbaycan ordusu üçün xüsusi strateji əhəmiyyətə malikdir. Bundan sonra Qarabağda gözlənilən canlanma və inkişaf öz məqsədinə çatacaq. Dövlət başçısının uzaqgörən və qətiyyətli siyasəti nəticəsində tezliklə bütün Qarabağ sakinləri doğma yurdlarına geri dönəcək və Azərbaycan regionda artan gücünə güc qatacaq”.

//Gülnarə Abasova, Editor.az