Ölkədə vəziyyət gərginləşir-“İnsanlar ən az 3 il ərzində…”backend

Ölkədə vəziyyət gərginləşir-“İnsanlar ən az 3 il ərzində…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;

Son illər ölkəmizdə əsas problemli mövzulardan biri də boşanma sayının kəskin sürətdə artmasıdır. Dövlət Statistika Komitəsinin yaydığı son statistik məlumatlara görə cari ilin ilk beş ayı ərzində ölkədə 17 448 nikah və 8 795 boşanma halı qeydə alınıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,1-ə, boşanmaların sayı isə 2,2-dən 2,1-ə düşüb.

Göründüyü kimi ölkəmizdə nikahların sayı azalmaqda, boşanmalar isə artmaqdadır. Boşanmalar demoqrafik göstəricilərə, ailə anlayışına, ailə dəyərlərinə mənfi təsir göstərir. Azərbaycan tarixən köklü mental ənənələri, ailə dəyərləri və əxlaqi keyfiyyətləri ilə bir çox ölkələrdən seçilib. Elə bu səbəbdən hazırkı statistika ictimaiyyətdə olduqca maraqla qarşılanır. Mütəxəssislər isə məsələyə fərqli mövqedən yanaşırlar. Boşanmaların sayının artmasını gənclərin erkən yaşda ailə həyatı qurmaları, tərəflərin psixoloji vəziyyətinin normal olmaması, özgüvənsizlik, valideynləri tərəfindən aldıqları travmalar,  yaxud da yeni, inkişaf edən dövrlə, texnologiyalarla əlaqələndirənlər də var.

Maraqlıdır, Azərbaycanda ailələr niyə tez dağılır? Gənclərimiz ailə həyatı qurarkən nəyə diqqət yetirməlidirlər?

Mövzu ilə bağlı Editor.az-a danışan sosioloq Elçin Bayramlı deyib ki, boşanmaların bir çox səbəbi ola bilər, bu çox dərin mövzudur:

“Son 30 ili əvvəlki dövrlə müqayisə etdikdə proseslə bağlı gözəçarpan dərəcədə artım müşahidə edərik. Bunun əsas səbəblərindən başlıcası mənəvi deqradasiyadır. Ekspertlər də adətən iki səbəbə üstünlük verirlər: sosial-iqtisadi vəziyyət, yəni ailələrin sosial problemlərdən qaynaqlanan səbəblərə görə dağılması və mənəvi problemlərdir. Fikrimcə, sosial-iqtisadi vəziyyətdən 10 faiz ailələr dağıla bilər. Əsas 80 faizi və daha çoxu mənəvi deqradasiya ilə bağlıdır. Mənəvi deqradasiyaya isə cəmiyyətdə milli-mənəvi dəyərlərin dəyişməsi, müasirlik, yeni həyat , azadlıq adı altında Azərbaycan ailə institutunun qlobal mərkəzlər tərəfindən indiki vəziyyətə düşməsidir. Bəzən iddia edirlər ki, sosial problemlərin məsələdə rolu böyükdür. Üç arqumentə diqqət yetirək: Birincisi, tarixə nəzər salsaq, əhalinin sosial cəhətdən ən aşağı səviyyədə yaşadığı zamanlarda boşanmalar çox az sayda idi. Böyük Vətən müharibəsi, İkinci Dünya müharibəsi, 1990-cı illərdə boşanmalar çox az sayda olub. Lakin sosial rifahın daha yaxşı olduğu zamanlarda boşanmaların sayı kəskin artdı.

İkincisi, dünyanın ən zəngin ölkələrində boşanmalar pik həddədir amma kasıb ölkələrdə vəziyyət əksinədir.
Üçüncüsü, cəmiyyətimizə nəzər salsaq görərik ki, boşanan ailələrin böyük hissəsi imkanlı şəxslərdir.  Bu arqumentlərdən də aydın olur ki, sosial-iqtisadi vəziyyətin boşanmaların kəskin artmasındakı rolu olduqca cüzidir”.

Elçin Bayramlının fikrincə, insanlar hazırda mənəvi dəyərlərdən daha çox maddi dəyərlərə üstünlük verməyə başlayıb:

“Bugünkü gənclərin 90 faizi bu yanaşma ilə ailə qurur. Qarşısındakı şəxsin maddi imkanı, evi, işi, ailəsinin statusunu əsas götürür. Bu səbəbdən boşanmalar artır”.

Psixoloq Gülnar Orucova isə məsələyə belə münasibət bildirib:

“Ailələrin dağılmasında bir neçə meyar var. Birinci və ən böyük səbəblərdən biri qadın və ya kişinin həddindən artıq qısqanc olmasıdır. Qısqanclıq insanları yoran haldır. Günümüzdə qadınlar həyat yoldaşlarının harada olduğuna, kimlərlə görüşdüyünə, nə etdiklərinə daha çox diqqət edirlər. Bu da ayrılığa səbəb olan şərait yaradır. İnsan nə axtarırsa, onu da tapır. Ailələrin dağılmasının digər səbəblərindən biri də xəyanət, qadına verilmiş azadlıqdan özbaşınalıq kimi istifadə edilməsidir. Həddindən artıq özgüvəni olan qadın həyat yoldaşının da özünə uyğun olmasını istəyir. İnsanların səbri azalıb və stressə daha çox meyillidirlər. Bu səbəbdən ailədə söz-söhbət olanda tərəflər böyük gərginlik yaşayırlar. Digər tərəfdən əvvəllər ağbirçək, ağsaqqalların məsləhətlərinə, fikirlərinə qulaq asdıqları halda hazırda bunun tamam əksidir”.

Psixoloqun fikrincə, kişi və qadın evləndikdən sonra 3 il birlikdə yaşamalıdır:

“Bundan sonra problem yaşanarsa,o zaman ayrılığa qərar verə bilərlər. Lakin 3 il müddəti bir-birilərinə adaptasiya dönəmidir. Bu zaman bir sıra problemlərin yaşanması normaldır. İndiki dövrdə evliliklər 3-5 ay, 1 il qədər çəkir”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.