Ölkəmiz üçün tarixi gün- CƏBRAYIL ŞƏHƏRİNİN İŞĞALDAN AZAD EDİLMƏSİbackend

Ölkəmiz üçün tarixi gün- CƏBRAYIL ŞƏHƏRİNİN İŞĞALDAN AZAD EDİLMƏSİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

“Cəbrayılın azad edilməsi tarixi gündür. Çünki Cəbrayıl erməni işğalından azad olunmuş ilk şəhərimizdir və bu qələbə digər rayonlarımızın da azad olunmasına yol açdı. Azərbaycan Ordusu 44 gündə 300-dən çox şəhər və kəndimizi işğaldan azad etməklə tariximizin yeni bir səhifəsini yazmış oldu. Bu səhifə qəhrəmanlıq tariximizdir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili vurğulayıb ki, Azərbaycan xalqı öz haqqının tapdalanması ilə heç vaxt barışmayacağını döyüş meydanında sübut etdi:

” Halbuki, torpaqlarımızın işğal altında olduğu 30 ildə bizi aldatmaqla, məğlubiyyətlə barışdırmaq istəyirdilər. Amma dövlət başçımız bütün görüşlərdə  xalqımızın torpaqlarımızda erməni işğalı ilə heç vaxt barışmayacağını bəyan edirdi və  danışıqlar yolu ilə ədalət bərpa olunmazsa, bunu güc yolu ilə edəcəyini açıq  bildirirdi. Amma bizi işğalla barışdırmaq istəyənlər bizə münaqişənin güc yolu ilə həllinin olmadığını bildirirdilər. ATƏT-in Minsk Qrupunun missiyasının 28 ildəki fəaliyyətinin məqsədi də bu idi. Təbii ki, Fransanın və ABŞ -ın iştirak etdiyi missiyanın  başqa bir xidməti ola da bilməzdi. Çünki torpaqlarımızın işğaldan azad edilməyindən sonra onların açıq sərgilədikləri  münasibətində biz bunu daha  aydın şəkildə gördük”.

Millət vəkili bildirib ki, bu gün Azərbaycan dövləti ermənilərin viran qoyduğu əraziləri yenidən qurub bərpa edir:

“Keçmiş məcburi köçkünlər öz doğma yurd- yurdlarına qaytarılır. Yeni şəhərlər və kəndlər salınır. Dağıdılaraq viran qoyulan yaşayış məntəqələrimizi də bütün dünya görrür. Ermənistan işğal etdiyi ərazilərimizdə  azərbaycanlıların bütün mədəni dini irsini yer üzündən sildi və bacardıqları qədər təhqir etdi. Amma bu gün ermənilərin irsinin qorunması ilə bağlı bizə məsləhət vermək istəyənlər o vaxtı ermənilərin törətdikləri vəhşilikləri görmürdülər? Görürdülər. Amma özlərini görməməzliyə vururdular. Çünki onlara azərbaycanlıların əzilməsi lazım idi. Amma Prezident İlham Əliyevin uzaqgörən siyasəti xalqımızın əyilməz ruhunu bütün dünyaya sübut etdi.  Biz uzun illər bizə qarşı azərbaycanofob və islamofob baxışları olan qərb dairələrə qalib gəldik. Onlar bu gün həmin ərazilərin yenidən qurulub bərpasını, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışını həzm edə bilmirlər. Ona görə də Ermənistanı silahlandırırlar, Azərbaycana qarşı qərəzli sanksiyalar tətbiq etməyə çalışırlar və yenidən bizə qarşı öz çirkin niyyətlərini reallaşdırmaq istəyirlər. Halbuki Ukraynanın ərazi bütövlüyünü pozduğuna görə Rusiyaya qarşı bütün qərb birləşib silahdan başlamış bütün dəstəyini göstərirlər. Bizim günahımız nədir?, Biz heç kimin dəstəyi olmadan öz ərazilərimizin bütövlüyünü təmin etmişik. Biz başqa bir ölkənin ərazisinə girməmişik. Amma bizim qələbəmizi, ədalətimizin bərpasını həzm edə bilmirlər. Təbii ki, hamı bilməlidir ki, bu gün yeni qalib bir Azərbaycan var. 4 il əvvəl 44 gündə 300-dən çox yaşayış məntəqəmizi azad etmişdiksə, keçən il  bir neçə saat ərzində keçirildiyi lokal xarakterli antiterror tədbirləri ilə Qarabağda erməni separatçılarının yuvasını dağıtdıq. Bu, Azərbaycanın qəhrəman ordusunun  gücünün artdığını və hər bir təhdidə qarşı hazır olduğunu bir daha sübut etdi. Ermənistan hakimiyyətinin nala -mıxa vurması heç də onlara yenidən özlərinin çirkin niyyətlərinin reallaşdırılmasına kömək etməyəcək. Reallıq odur ki, bu gün güclü Azərbaycan və ölkəni monolit birliyə çevirən böyük liderimiz var”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.