Ölkəmizdə elektron xidmətlər hansı səviyyədədir?- “Məsələnin həllini yalnız qurumlarla əlaqələndirmək düzgün deyil”backend

Ölkəmizdə elektron xidmətlər hansı səviyyədədir?- “Məsələnin həllini yalnız qurumlarla əlaqələndirmək düzgün deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Texnologiya inkişaf etdikcə hər sahədə müəyyən irəliləyişlər özünü göstərir. Hər bir istiqamətdə vətəndaşların rifahına hesablanmış addımlar atılır. Bu gün vətəndaşlara göstərilən xidmətlərin elektronlaşdırılması dünya ölkələrini düşündürən prioritet mövzulardandır. Məhz bunun üçün kifayət qədər vəsait xərclənir, yeni-yeni sistemlər yaradılır. Ölkəmizdə də vətəndaşlara göstərilən xidmət səviyyəsinin yaxşılaşdırılması, elektron xidmət növlərində daha mütərəqqi addımların atılması ən ümdə amillərdəndir.Bu məqsədə nail olmaq üçün hökumətin vahid konsepsiyası var.

Bəs bu gün ölkəmizdə elektron xidmətlər hansı səviyyədədir?

Məsələyə münasibət bildirən İKT üzrə ekspert Elvin Abbasov bildirib ki, dövlət qurumları tərəfindən göstərilən elektron xidmətlər inkişaf etmiş xarici ölkələrlə müqayisədə ölkəmizdə arzuolunan səviyyədə deyil:

“ Elektron xidmətlərə vahid xidmət kimi baxmaq olmaz. Hər hansı bir qurumun bizə verdiyi elektron xidmət digər qurumlardan asılı vəziyyətdədir. Məsələn elektron hökumətə (E-gov)hər hansı bir məlumat daxil etdikdə E-gov həmin məlumatı təsdiqləmək üçün Daxili İşlər Nazirliyinə və ya başqa qurumların servislərinə müraciət edir. O servislərdən bizim vətəndaşlığımız barədə məlumat gəlir və bütün toplanan məlumatlar əsasında ortaq məxrəcə gəlinir ki, belə bir şəxsiyyət həqiqətən də mövcuddur. Bundan sonra növbəti proses başlayır”.

Elvin Abbasovun fikrincə, heç bir qurumun yaratdığı elektron xidmət müstəqil deyil:

“Ölkəmizdə elektron xidmətlərin arzuolunan səviyyədə olması üçün bütün qurumlar elektron xidmətlərini eyni anda inkişaf etdirməlidir. Bu inkişaf paralel aparılmasa hər hansı bir qurum irəliləyə bilməyəcək. Azərbaycanda ən təkmil sistemlərdən biri vergilər xidmətidir. Sahibkar  dövlətlə olan vergi münasibətlərini onlayn tətbiqlə həll edə bilir. Amma bunun özündə belə sahibkarlardan tək bir sorğu almaq üçün bir neçə sahəyə müraciət etmək lazım gəlir.İnformasiya-kommunikasiya sahəsi dünyada çox sürətlə inkişaf edir. Heç bir qurum tək başına bu sahəni inkişaf etdirə bilməz. Ölkədə belə bir anlayış yoxdur. Dövlətin elektron xidməti bir arxitekturadır. Bu tabloda hər bir qurum vətəndaşlar, dövlətlər barədə bir-birinə məlumatlar göndərir. Əlaqəli işlədikləri üçün heç bir müəsisənin xidməti arzuolunan səviyyədə deyil”.

Ekspertin sözlərinə görə, ölkəmizdə bu gün elektron xidmət səviyyəsi müəyyən qədər qaneedicidir:

“Amma tam formada təkmil deyil. Çünki biz hər hansı sənədimizi itirdikdə onun təkrarını elektron imzamızla sayta daxil olub tapa bilmirik. Məsələn məhkumluq arayışı çox sadə bir sənəddir.Lakin biz bu sənədi belə asanlıqla əldə edə bilmirik. Onu da qeyd edim ki, bu problemlər  həllini tapa-tapa gedir. Ölkədə elektron xidmətlərin arzuolunan səviyyədə olmamasının obyektiv və subyektiv səbəbləri var. Ən əsası isə datalarımız kirli datalardır. Dövlət müxtəlif elektron sistemlərlə datalar yığıb, məlumatlar əldə edib. Bu məlumat dürüstləşməlidir.Onlar vahid sistemlər halında dövlətdə öz əksini tapmalıdır ki, biz tərəqqi etmiş elektron xidmələr əldə edək. Ölkəmiz bu sahədə müəyyən irəliləyiş əldə edib. Hətta bir çox ölkədən də irəlidəyik. Bu istiqamətdə vətəndaş cəmiyyətinin və ekspertlərin birgə fəaliyyəti olmalıdır. Məsələnin həllini yalnız qurumlarla əlaqələndirmək düzgün deyil. Vətəndaş cəmiyyəti aktiv işləməlidir. Mübadilə olunmalıdır ki, hansı tərəqqi etmiş sistemlər bizim ölkəmizə uyğundur. Yeni format oturmuş sistemimizə uyğunlaşmalıdır.Dövlət hal-hazırda elektron müstəvidə gedən proseslərdə bütün istiqamətlərdə addımlar atır. Azərbaycanda müxtəlif dünya qurumlarının, o cümlədən dünya bankının bir çox layihəsi hazırlanır.Bütün istiqamətlərdə, nazirliklərdə elektron xidmətlər, kiber təhlükəsizlik, vətəndaşların maarifləndirilməsi, xidmətlərin yaxşılaşdırılması barədə müəyyən işlər gedir. Məsələn kommunal xidmətlər də öz təkliflərini sosial şəbəkələr vasitəsilə çatdırırlar.Ödənişlər terminallar vasitəsilə deyil onlayn formada həyata keçirilir. Burada məsələ ondan ibarətdir ki, Azərbaycanda xidmətlərin tam elektron formada verilməsi təmin edilməyib.Bir çox sahədə vətəndaşların işini asanlaşdırmaq naminə yerində xidmətlər ləğv edilməli, mobil xidmətlər tətbiq olunmalıdır.Eyni zamanda, dünya səviyyəsində elektron xidmətin Azərbaycanda tətbiq olunması üçün gərək vətəndaşların da bu tətbiqlərdən istifadə anlayışı olsun. Bu zaman elektron xidmət arzuolunan səviyyəyə çata bilər”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.