Mövzu: Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
“Doğrudur, Azərbaycan 1991-ci ilin oktyabrında öz dövlət müstəqilliyini elan etsə də SSRİ-dən miras qalmış hüquq sistemi və qanunlar hüquqi və demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat vermirdi. Cəmiyyətin gələcək inkişafı üçün hüquq sahəsində islahatların həyata keçirilməsi, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılması gərəkli idi”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası müstəqil olduqdan sonra demokratik, hüquqi dövlət quruculuğunu, özünün inkişaf yolunu seçdi:
“Lakin bu dövlət quruculuğu prosesi heç də sadə və asan olmadı. Müstəqilliyinin ilk illərində Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayırdı. 1991-1993-cü illərdə Azərbaycanda hökm sürən xaos, özbaşınalıq, siyasi savadsızlıq və naşı idarəçilik, vətəndaş müharibəsi təhlükəsi, mövcud vəziyyəti daha da ağırlaşdıran aqressiv separatizm və ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunması qarşıda duran həyati əhəmiyyətli bu vəzifələrin yerinə yetirilməsinə imkan vermirdi. Müstəqilliyinin ilk kövrək addımlarını atan Azərbaycanda dövlət quruculuğu prosesinə başlanması ölkədə ilk növbədə sabitliyin bərqərar olmasını zəruri edirdi. Məhz belə ağır şəraitdə xalqın təkidi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev qısa müddət ərzində Azərbaycanda sabitliyi təmin etməyə nail olur və ölkəmiz qarşısında duran taleyüklü dövlət quruculuğu məsələlərini həyata keçirməyə başlayır. İctimai-siyasi sabitliyə nail olunması vətəndaşların hüquq və mənafelərinin müdafiəsinə, bazar münasibətlərinə əsaslanan liberal iqtisadiyyatın və sahibkarlığın inkişafına, beynəlxalq münasibətlər sisteminə inteqrasiyaya istiqamətlənən, sosial ədalət prinsipinə əsaslanan demokratik, hüquqi dövlət quruculuğuna imkan yaratdı.
Ümummilli lider Heydər Əliyevin başladığı dövlət quruculuğu prosesi məhz demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına yönəlmiş, hazırda isə həmin proses Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar hüquq sisteminin davamlı inkişafını təmin edir. Hüquqi dövlət quruculuğu qısa zamanda yekunlaşacaq proses deyil, cəmiyyət və dövlət mövcud olduğu müddətdə bu proses davam edib, inkişaf edəcəkdir”.
Gülnarə Abasova, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.