Ölkəmizin diaspor siyasətində yeni yanaşmaların olması zərurət idi: “Yeni yetişən nəsil daha güclü olacaq”backend

Ölkəmizin diaspor siyasətində yeni yanaşmaların olması zərurət idi: “Yeni yetişən nəsil daha güclü olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;

Müstəqilliyimizin ilk anlarından etibarən Azərbaycan xaricdə vətəndaşlarımızın təşkilatlanması istiqamətində addımlar atıb. Diaspora fəaliyyəti ölkə həqiqətlərinin, tarix boyu məruz qaldığımız ədalətsizlikləri, haqsızlıqları dünya birliyinin diqqətinə çatdırmaqda əhəmiyyətli rol oynayır. Eyni zamanda, dövlətçiliyimizin inkişafı və ölkəmizin dünyada nüfuzunun və təsir imkanlarının artması yönündə mühüm əhəmiyyətə malikdir.

Bəs bu gün azərbaycanlıların diaspora fəaliyyətində hansı çatışmazlıqlar var?

Mövzu ilə bağlı Editor.az– açıqlama verən Milli Məclisin deputatı Kamilə Əliyeva bildirdi ki, bu gün Azərbaycan həqiqətlərini, xüsusilə də günlərdir, Laçın-Xankəndi yolunda davam edən dinc aksiyalarımızın əsl səbəbini dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının bir nömrəli vəzifəsidir:

“Bu işdə xaricdə Azərbaycanın diaspor nümayəndələrinin üzərinə də böyük məsuliyyət düşür. Vətən müharibəsi dövründə xaricdə yaşayan soydaşlarımız böyük fəallıq göstərib, bəzi hallarda qəhrəmanlıq da nümayiş etdirdilər. Azərbaycan xalqının haqq səsini bütün dünyaya çatdırmaq istiqamətində böyük işlər gördülər. 44 gün ərzində beynəlxalq təşkilatların ofisləri qarşısında nümayişlər keçirdilər. Artıq bütün dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Bu işdə xaricdəki diasporlarımızın əməyi az olmamışdır. Ermənistan diasporu hər gün Avropa televiziya kanallarına çıxaraq öz yalan və iftiralarını dünya ictimaiyyətinə çatdırmağa cəhd edirlər. Düşünürəm ki, bizim də xaricdə yaşayan soydaşlarımız, diaspora nümayəndələrimiz həmin televiziyalarda bu kimi yalanları ifşa etməlidirlər. Lazım gələrsə, ermənilərlə debata çıxıb gərçəkliyi dünyaya çatdırmalıdırlar. Təəssüf ki, diaspor işçiləri bu fəaliyyətləri lazımı səviyyədə həyata keçirə bilmirlər. Artıq bu istiqamətdə fəallığın artırılması vacibdir”.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Naqif Həmzəyev isə qeyd edir ki, Azərbaycan Vətən müharibəsində Zəfər çaldıqdan sonra regionda yeni reallıqlar yaranıb:

“Ölkəmizin diaspora siyasətində yeni yanaşmaların olması zərurət idi. Prezident İlham Əliyevin göstərişi ilə Şuşa şəhərində Zəfər Qurultayı diaspora fəalları ilə keçirildi və onların qarşısına yeni tapşırıqlar qoyuldu. Dünyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlı soydaşlarımız, diaspora fəalları yeni çağırışlara uyğun olaraq öz fəaliyyətlərini yenidən təşkil etməyə başladılar.  Ötən 2 il müddət ərzində Azərbaycan Zəfərini dünya ictimaiyyətinə qəbul etdirə bilib. Beynəlxalq təşkilatlar, aparıcı dövlətlər və həmin ölkələrin vətəndaşları artıq Azərbaycan həqiqətlərindən xəbərdardırlar. Bu prosesdə də bizim diaspora fəallarının çox mühüm rolu var”.

Millət vəkili hesab edir ki, bu istiqamətdə  təəssüf doğuran məqamlar da mövcuddur:

“Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərinə qarşı erməni diasporunun təşkil etdiyi hücumların şahidi olduq. Burada cinayət tərkibli məsələlər də var idi. Bununla bağlı hüquq mühafizə orqanları öz işlərini görürlər. Ancaq Azərbaycan diaspora fəalları bu prosesdə də aktiv oldular. Səfirliklərə və azərbaycanlılara qarşı bu hücumların zərərsizləşdirilməsi üçün xüsusi etiraz aksiyaları təşkil etdilər. İkili standartların aradan qaldırılması üçün beynəlxalq təşkilatlarda məsələlər qaldırılır və ərazilərimizin minalanma prosesi ilə bağlı müxtəlif çağırışlar edilir, dörd minə yaxın  əsir və ya itkin düşümü azərbaycanlının taleyi ilə bağlı məsələlər, yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin dəstəklənməsi üçün müraciətlər etdilər. Bir sözlə, diaspora fəalları prezident İlham Əliyevin müəyyənləşdirdiyi xarici siyasət strategiyasına dəstəklərini əsirgəmirlər. Azərbaycanda fəaliyyət göstərən Diaspora Komitəsi də müxtəlif regional icmaların təşkil edilməsi, diaspora fəallarının mütəmadi olaraq yeniliklərlə məlumatlandırılması və xaricdə yaşayan, söz sahibi olan ziyalılarımızın, gənclərimizin ölkəmizə dəstəklərini davam etdirməsi ilə bağlı çox mühüm işlər görməkdədirlər. Prezident ötən il çıxışlarında dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi ilə bağlı çağırışlar etdi, Azərbaycan dilinin qorunması ilə bağlı vacib məqamlara toxundu. Dünyanın hər yerində yaşayan azərbaycanlıların hüquqlarının qorunması vacib məsələ kimi diqqətdə saxlanılmalıdır”.

N.Həmzəyevin sözlərinə görə, diaspora fəaliyyəti çox çətin və ağırdır:

“Əvvəlki dövrlərdən fərqli olaraq hazırda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin sayı artmaqdadır. Yetişən yeni nəsil Zəfərin verdiyi fürsəti düzgün dəyərləndirərək Azərbaycan həqiqətlərini dünyaya daha yaxşı çatdıra biləcəklər. Onlarla biz işimizi daha yaxşı qurmalıyıq.  Türkdilli dövlətlərin xalqları ilə həmrəylik nümayiş etdirməliyik. Gələcəkdə Azərbaycan diasporu daha da güclü olacaq və ölkəmizə öz dəstəyini əsirgəməyəcək. Prezident İlham Əliyevin Zəfər Qurultayında qeyd etdiyi kimi, xaricdə yaşayan soydaşlarımız ən azı ildə bir dəfə öz dostlarını Azərbaycana gətirməlidir”.

Safura Bənnayeva, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.