Ölkəmizin qələbəsi təkcə 30 illik işğalın yox, 200 illik erməni düşmənçiliyinin cavabı idibackend

Ölkəmizin qələbəsi təkcə 30 illik işğalın yox, 200 illik erməni düşmənçiliyinin cavabı idi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

Dünyada gedən inteqrasiya prosesləri bütün ölkələri eyni zamanda qitələri əhatə edir. İnteqrasiya suveren dövlətlərin daxili və xarici siyasətinə böyük təkan verən, xalqların taleyində dönüş nöqtəsinə çevrilən bir prosesdir. Bu gün Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malikdir və etibarlı tərəfdaş imicini qazanıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir. 44 günlük Vətən müharibəsi,  Qisas antiterror əməliyyatı və sonuncu lokal antiterror əməliyyatında da Azərbaycanın üstünlük əldə etməsi regionda mövcud vəziyyəti bir qədər dəyişib. Azərbaycan yeni reallıqlar yaradıb.

Həmin müddətdə maraqlıdır ki, region ölkələrinin Azərbaycana münasibətində hansı dəyişikliklər müşahidə edilir?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar İskəndərov bildirdi ki, 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmiz və Ali Baş Komandanın ildırım sürətli antiterror tədbirləri Azərbaycanın tam suverenliyini təmin etmiş oldu:

“Azərbaycan qlobal anlamda öz nüfuzunu bir qədər də artırmış oldu. Bu da rəsmi Bakının həm hərbi gücünü, həm iqtisadi potensialını, həm də insan kapitalını, xalqın birliyini özündə ehtiva etdi. Nə qədər bədnam qətnamələr səslənsə də Azərbaycanın dünyada dostlarının sayı çoxdur. Ölkə başçısı İlham Əliyev də siyasi xadim kimi çox hörmət olunan bir liderdir. Azərbaycanla hesablaşan ölkələr də kifayət qədərdir. Son zamanlar siyasi proseslərə baxsaq Rusiya prezidentinin də beynəlxalq hüquqa söykənən fikirləri Azərbaycanın ədalətli mövqeyini qeyd etməsi bir daha bu nüfuzun göstəricisidir. Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə söykənən, həmçinin milli maraqlarını öndə tutan siyasəti hər bir dövlət tərəfindən qəbul edilməkdədir”.

Politoloq İlyas Hüseynov isə məsələyə belə yanaşıb:

” 44 günlük Vətən müharibəsinin ardınca “Qisas”, “Qətiyyətli cavab” və lokal antiterror tədbirləri Azərbaycanın gücünü, qüdrətini, ordusunun peşəkarlığını göstərməklə yanaşı, xalqın iradəsini də bütün dünyaya nümayiş etdirdi. 2020-ci il 27 sentyabr tarixindən Azərbaycana olan münasibət regional və qlobal miqyasda çox dəyişib. Bir sıra dövlətlər rəsmi Bakının bu qələbəsini hələ də qəbul edə bilmir.Azərbaycanın torpaqlarını işğaldan azad etməsi reallığı ilə barışmır. Lakin artıq güc mərkəzləri də rəsmi Bakının keçdiyi uğurlu yolu qəbul edir, onunla hesablaşır. Qarşıdakı dövrdə də uzun illər ərzində Azərbaycanın bu nailiyyəti digər ölkələr üçün bir nümunə olaraq qalacaq. Çünki dünyada çoxlu separatçı cərəyanlar, eyni zamanda ərazi bütövlüyü pozulmuş dövlətlər vardır. Azərbaycanın bir günlük antiterror əməliyyatları nəticəsində əldə etdiyi uğur bir örnək kimi göstərilir. Azərbaycan Ordusunun peşəkarlığı hər kəsin gözü qarşısındadır. Düşünürəm ki, bir sıra dövlətlərin rəsmi Bakıya münasibəti hazırkı vəziyyətdə müsbət mənada xeyli dəyişib. Bu həm də bizim gücümüzün, birliyimizin, həmrəyliyimizin və ölkə başçımız İlham Əliyevin dəmir yumruğunun məntiqi nəticəsidir”.

Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə isə açıqlamasında qeyd edib ki, böyük zəfərə aparan yol olduqca şaxəli olub:

” Ölkəmiz, torpaqların işğaldan azad olunması üçün ATƏT-in Minsk qrupu çərçivəsində uzun müddətli danışıqlar aparmış, işğalın sülh yolu ilə həll edilməsi üçün tərəflərə müxtəlif layihələr təklif edilmişdi. Dövlətimiz sülh danışıqları ilə yanaşı müharibə variantını da unutmurdu. Doğrudur, bəzi ölkələr və  beynəlxalq təşkilatlar Qarabağ məsələsinin müharibə variantının olmadığını dəfələrlə təkrarlayır, bunun ediləcəyi təqdirdə bizə qarşı müxtəlif sanksiyaların ola biləcəyi təəssüratını yaradır, olmaması üçün ölkəmizin öhdəlik götürməsini istəyirdilər. Amma Azərbaycan məqsədinə çatmaq üçün maraqlarına uyğun siyasi xəttini davam etdirirdi.  Dövlət çox gözəl bilirdi ki, digər vasitələri təmin etmədən güclü ordumuz olsa belə müharibədə qələbə əldə etmək və qələbəni rəsmiləşdirmək qeyri-mümkündür. Ona görə qələbəyə aparan bir neçə yolu paralel şəkildə inkişaf etdirirdi. Bunlar güclü ordu, dövlətdə iqtisadi-siyasi sabitlik, ölkədə xalqın birliyi, digər ölkələrlə, beynəlxalq təşkilatlarla düzgün əlaqələrin qurulması və ən əsası bunları həyata keçirə biləcək lider və xalqın ona inamı kimi prinsiplər idi. Qələbəni təmin etmək üçün bu zamana kimi çox eşitdiyimiz amma mahiyyətini bir çoxumuzun bilmədiyi “uzaqgörən və məqsədyönümlü” siyasət həyata keçirilirdi.

Azərbaycanın Prezidenti İlham Əliyevin siyasi iradəsi və təcrübəsi dövlətin ərazi bütövlüyünün təmin olunması üçün yuxarıdakı prinsipləri özündə əks etdirən “Dəmir yumruq” siyasəti formalaşdırırdı ki, bununlada istənilən nəticə təmin olunacaqdır. Torpaqlarımızın düşmənin əlində olması, onun xristian mənsubiyyəti və dünyanın xristian təsəbbüskeşliyi, düşmənin məsələni bir çox hallarda dini müstəviyə çəkmə cəhdləri, münaqişənin beynəlxalq hüququn “dövlətlərin ərazi bütövlüyünün” toxunulmazlığı ilə deyil, “millətlərin öz müqəddaratını təyin etmə” prinsipi ilə həll edilməsinə çalışılması, problemin həll edilməsinin erməni lobbisinin dünyada ən çox təsir imkanı olan Rusiya, Fransa və ABŞ-a həvalə edilməsi, onların da Ermənistan dövlətinə siyasi, iqtisadi və hərbi dəstəyi rəsmi Yerevanın qeyri-konstruktiv davranmasına, sülh danışıqlarını imitasiya etməsinə rəvac verirdi. Ermənistan rəhbərliyinin hərəkətləri, mümkünsüz tələbləri, “yeni müharibə yeni torpaqlar” təhdidləri sülh danışıqlarının nəticəsizliyinə gətirib çıxardı. Elə buna görə də Azərbaycan 27 sentyabr 2020-ci ildə  əks hücumla “Vətən müharibəsinə” başladı. Dövlət, torpaqlarımızın işğaldan azad edilməsi üçün davamlı və uğurlu addımlarla siyasi mühit formalaşdırmış, əleyhimizə verilə biləcək qərarların qarşısının alınması üçün tədbirlər görülmüşdür. Müharibənin gedişinə fiziki müdaxilə etmə ehtimal olunan qüvvələr  qardaş Türkiyə ilə qurulmuş siyasi-hərbi müttəfiqliklə uzaqlaşdırılmışdı. Bununla yanaşı, regionun geostrateji fürsətlərindən, əlverişli kommunikasiya vəziyyətindən Ermənistanın yaratdığı işğal faktına görə istifadə edilə bilinməməsi, Şərq-Qərb dəhlizinin açılmasında maraqlı olan ölkələrin yanımıza çəkə bilmək imkanını da yaratmışdır. Bir çox daxili və xarici faktorları dövlətimizin xeyrinə formalaşdırmaqla əlverişli siyasi mühitin yaradılması qələbənin təmin edilməsi üçün əvəzedilməz fürsət verdi. Azərbaycan dövləti, Azərbaycan Xalqı, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr – 10 noyabr 2020-ci tarixlərində dünyanın gözünün içinə baxaraq, 44 günlük “Vətən müharibəsi” ilə torpaqlarımızı azad etdi. Bununla da Azərbaycan BMT-nin erməni qüvvələrinin işğal olunmuş torpaqlarımızdan çıxarılmasına dair məlum qətnamələrini də özü icra etmiş oldu. Azərbaycan Ordusu qarşısında param-parça olan, minlərlə itki vermiş, yüzlərlə ağır texnikası, hava hücumundan müdafiə vasitələri məhv edilmiş və ya hərbi qənimət kimi ələ keçirilmiş Ermənistan dövləti 10 noyabr 2020-ci ildə Rusiya Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin imzaladığı “Üçtərəfli Bəyanatla” rəsmi şəkildə təslim olmağı qəbul etdi. Bəyanata uyğun olaraq erməni işğalçıları zəbt etdikləri Laçın, Kəlbəcər və Ağdam rayonlarından verilmiş tarixə uyğun olaraq çıxdılar. İşğal altında olan rayonlarımız müharibəsiz, amma müharibənin yaratdığı siyasi vəziyyətə görə azad olundu. Bildirim ki, Laçın və Kəlbəcər ərazisinə görə işğal altında olan rayonların ən böyükləridir və ərazilərinin böyük hissəsi də dağlıqdır. Bəyanatın Ermənistan tərəfindən imzalanması, bəyanatın şərtlərinə uyğun olaraq işğal etdiyi rayonlarımızdan öz hərbi qüvvələrini çıxarması Ermənistanın rəsmi şəkildə işğalçı olduğunu qəbul etməsidir. Bilirsiz ki, Ermənistan uzun müddət idi ki, torpaqlarımızın hansısa bir qondarma respublika tərəfindən işğal olunduğunu, həmin qüvvələrin onlara aid olmadığını bildirirdi. Əlbəttə, bu bəyanatın Ermənistan tərəfindən imzalanmasının digər əhəmiyyəti odur ki, biz işğalçının hərəkətlərinə beynəlxalq hüquqi qiymət verilməsində maddi sübut kimi istifadə edə biləcəyimiz rəsmi sənəd əldə etmiş olduq”.

Y.Hacızadə xatırladır ki, İkinci Qarabağ müharibəsində qələbə əldə etməyimizə baxmayaraq dərhal sülh müzakirələrinə başlanılması üçün dövlətimiz çağırışlar etdi, bunla bağlı qarşı tərəfə prinsiplərini bildirdi: “Təəssüflər olsun ki, Ermənistan yenə əvvəllər olduğu kimi sülhdən qaçmağa, yeni revanş planları qurmağa başladı. “Üçtərəfli” bəyannamənin şərtlərinə uyğun olaraq ərazimizdən silahlı qüvvələrini çıxartmalı olduğu halda, tam olaraq əksini etməyə başladı. Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə yenidən separatizmi alovlandırmağa, silahlanmağa, yeni təxribatlar və terror hadisələri törətməyə başladı. Bu işlərdə yenə xarici qüvvələr Rusiya, İran, Fransa və regionda sülhün olmasını istəməyən qüvvələr kömək edirdilər. Azərbaycan “Qarabağ münaqişəsi bitib, ərazidə yaşayan erməni sakinləri ilə bağlı məsələlər də bizim daxili işimizdir” desə də Ermənistan və digər təxribatçı qüvvələr məsələnin müzakirəsini beynəlxalq təşkilatlar müstəvisinə qaldıraraq, regiona olan təsirlərini yenidən bərpa etmək və dövlətimizə qarşı təzyiq vasitəsi kimi hansısa qərarların qəbul olunmasına nail olmağa çalışırdılar. Qələbədən sonra regionda yeni siyasi mühit formalaşıb. Azərbaycan siyasi, iqtisadi və hərbi üstünlüyə malikdir. Ərazi bütövlüyümüzün təmin olunması ilə bağlı siyasi və hərbi təxribatların qarşısı dərhal alınırdı. Ermənistanı sülhə məcbur etmə tədbirləri həyata keçirilirdi. Bunlardan ən əsası bu ilin aprel ayında Laçın yolunda sərhəd keçid məntəqəsinin qurulması oldu. Bununla separatçıların kənar qüvvələrlə bütün əlaqələri kəsilərək, bölgəyə silah, hərbi texnika və əlavə qüvvələrin daşınmasının qarşısı alındı. Azərbaycanın sülh və reinteqrasiya təkliflərinə “yeni təxribat və mübarizənə davam etdirəcəyik” cavabları verən, azad olunmuş ərazilərimizə yenidən minalar basdırmaqla vətəndaşlarımıza, hərbi qüvvələrimizə qarşı terror hərəkətlərini davam etdirən separatçılara qarşı bir günlük antiterror əməliyyatları həyata keçirildi. Separat qüvvələr ağ bayraq qaldıraraq, təslim olmaq məcburiyyətində qaldılar.
Regionda ədalətin bərpa olunması üçün torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, 35 ildir Azərbaycan xalqına qarşı cinayətlər törədən şəxslərin də cinayət məsuliyyətinə cəlb edilməsi vacibdir. Ona görə “insanlıq əleyihinə”, “müharibə və “soyqırımı” cinayətləri  törətmiş separatçı qüvvələrin rəhbərləri saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilməsi üçün haqqlarında həbs qətimkan tədbiri seçilmişdi”.

Onun fikrincə, ölkəmizin qələbəsi təkcə 30 illik işğalın yox, 200 illik erməni düşmənçiliyinin cavabı idi: “Bu qələbə böyük ermənistan planının məhv edilməsi, onların bu planı yerinə yetirmək üçün növbəti pilləni keçmələrinin qarşısının alınması idi. Azərbaycan qələbə qazansa da regionda uzunmüddətli sülhün bərqərar olmasında, regionun coğrafi mövqeyinin verdiyi üstünlüklərin birgə istifadə olunmasında maraqlıdır. Bunun üçün əsas məqsədi Ermənistanla sülh müqaviləsinin imzalanması, “Zəngəzur dəhlizin” açılmasıdır. Təəssüflər olsun ki, Azərbaycanın güclənməsini istəməyən bəzi qüvvələr tərəflər arasında sülhün yaranmasında, Zəngəzur dəhlizin açılmasında maraqlı deyillər. Ona görə də Ermənistana müxtəlif təzyiqlər və təkliflər edirlər. Son əməliyyatlarla Azərbaycanın hərbi qüdrətini və siyasi iradəsini bir daha görən İran kimi qüvvələr isə dövlətimizlə münasibətlərin bərpa olunması üçün müxtəlif əməkdaşlıq formaları axtarırlar. Bütün dünya şahid oldu ki, regionda hər hansısa bir dəyişiklik Azərbaycanın razılığı olmadan baş verə bilməz. Torpaqlarımızın işğaldan azad edilməsi Türk Birliyi Təşkilatının inkişafına, birliyə daxil olan ölkələr arasında əlaqələrin və inamın artmasına səbəb oldu.
Rusiya – Ukrayna müharibəsinin yaratdığı nəticələr, Qarabağ münaqişəsinin bitməsi ilə bölgəyə təsir imkanı əlindən çıxan, Ermənistan siyasəti puç olan Rusiya da Azərbaycan – Türkiyə münasibətlərinin gücünü, “bir millət, iki dövlət” tezisini qəbul etməyə məcbur oldu. Azərbaycan regional gücdür və maraqlı olan ölkələr mövcud reallığı qəbul etməlidirlər. Bu reallığı görmədən, qəbul etmədən regionda heç bir tezis həyata keçirilə bilməz, dəyişiklik baş verməz. Torpaqlarımızın işğaldan azad olunması, Qarabağ münaqişəsinin bitməsi ilə beynəlxalq güclərin dövlətimizə olan təzyiq vasitəsi məhv edilmiş, Azərbaycanın siyasət qurucu ölkəyə çevrilmişdi “.

Safura Bənnayeva, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.