“Ölkəsinə qarşı aparılan düşmənçilik siyasətini dəstəkləyən hər bir şəxs vətən xainidir”- ŞƏRHbackend

“Ölkəsinə qarşı aparılan düşmənçilik siyasətini dəstəkləyən hər bir şəxs vətən xainidir”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran dövlətinin Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasəti yeni deyil. Bu siyasətin tarixi 30 ildən artıq bir dövrü əhatə edir. Belə ki Azərbaycan müstəqillik qazandıqdan sonra İran heç vaxt Azərbaycanın bir dövlət olaraq formalaşması və güclənməsində maraqlı olmayıb. Məhz bu baxımdan hər zaman Azərbaycana qarşı qərəzli mövqe tutub. İran hesab edir ki, inkişaf etmiş firavan Azərbaycan Güneydə yaşayan soydaşlarımız üçün daha cəlbedici gələ bilər. Bunu özünə təhdid hesab edən İran Azərbaycan torpaqlarının işğalı zamanı Ermənistana dəstək verib və işğal dövrü müddətində düşmənçilik siyasətini pərdələməyə çalışıb”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun parlaq qələbəsi və bölgədə yaranmış yeni reallıqlar İranın öz məkrli planlarını daha açıq şəkildə ortaya qoymasına səbəb olub:

” Biz bunun son 2 ildə açıq şəkildə şahidi olduq. İran açıq-aşkar Ermənistana hərbi, iqtisadi, siyasi baxımdan dəstək verməkdə davam edir. O cümlədən, bölgədə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin getməsində maraqlı deyil. Ümumiyyətlə, İran regionda sülhün və sabitliyin bərqərar olmasına qarşıdır. Bu məqsədlə Ermənistana təsir imkanlarından istifadə edir”.

Politoloq İran mediasında Azərbaycan əleyhinə aparılan təbliğatlara da münasibət bildirib. O, bildirib ki, Azərbaycan mətbuatında da ölkəmizə qarşı yönəlmiş qərəzli informasiyaların ifşa olunması istiqamətində işlər gedir:

” Lakin Azərbaycan daxilində də İranın düşmənçilik siyasətinə dəstək verən qruplar var. Bu, qəbuledilməzdir. Ölkəsinə qarşı yönəlmiş qərəzli mövqeyi dəstəkləyən hər bir şəxs “vətən xaini”dir. Dövlətinə, millətinə xəyanət edən bu cür xainlərə qarşı Azərbaycan hüquq mühafizə orqanları ilə birgə ictimaiyyət də mübarizə aparmalıdır. Onlara qarşı ictimai qınaq artırılmalıdır. Bu cür xəyanətkar qruplar, fərdlər ifşa olunmalı, Azərbaycan dövlətinin qanunları qarşısında ən sərt şəkildə hesab verməlidirlər. Dövlətə xəyanət heç bir halda bağışlana bilməz”.

//Gülnarə Abasova, Editor.az