“On minlərlə Qərbi azərbaycanlı Qarabağda məskunlaşmaq istəyir” – İcma sədribackend

“On minlərlə Qərbi azərbaycanlı Qarabağda məskunlaşmaq istəyir” – İcma sədri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dağlıq Qarabağın işğaldan azad edilmiş ərazilərinə Qərbi azərbaycanlıların köçürülməsi ilə bağlı əvvəllər Azərbaycan Qaçqınlar Cəmiyyətinə yalnız Bakıda yaşayan Qərbi Azərbaycan qaçqınları müraciət edirdilərsə, indi Azərbaycanın bütün rayonlarından müraciətlər daxil olur. Həm də müraciət edən ailələrin sayı artıq yüzləri, minləri çoxdan aşıb, on minlərlə insan işğaldan azad olunmuş ərazilərdə məskunlaşmaq istəyir”.

Bu barədə Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli Modern.az-a müsahibəsində bildirib.

O, Qərbi Azərbaycan qaçqınlarının bu istəyinin kütləvi şəkil almasının səbəbini bu cür izah edib:

“Bu gün bu məsələ çox ciddi sosial tədqiqat mövzusudur. Şəxsən mənim müşahidələrimə görə, bunun bir sıra ciddi səbəbləri var. Birincisi, o insanlar hələ 1988-ci ildə keçmiş Dağlıq Qarabağda məskunlaşmaq istəyirdilər, çünki əvvəla, bu bölgə təbiət, iqlim və digər coğrafi əlamətlərinə görə onların qovulduqları dədə-baba yurdlarına yaxın idi, ikincisi isə onların “Ermənistan”dakı ev-eşiyi, mal-mülkü ermənilər tərəfindən qəddarcasına əllərindən alınaraq qovulmuşdular, buna görə də Qarabağdakı separatçı ermənilərin burada özlərini ev sahibi kimi aparmalarını həzm edə bilmirdilər. Lakin o vaxtkı ermənipərəst Vəzirov rejimi Qərbi Azərbaycan qaçqınlarını Qarabağa buraxmadı. Halbuki o vaxt bu edilsəydi, Qarabağda erməni separatçılığı bu qədər ayaq tutub yeriməzdi. İnsanlar belə hesab edir ki, heç olmasa o vaxtkı səhvi indi düzəltmək lazımdır. Üçüncüsü, Qərbi Azərbaycan qaçqınlarının əksəriyyəti “Ermənistanın” kənd rayonlarından gəliblər, torpağa bağlı insanlardır. 32 ildir ki, şəhər mühiti onları sıxır, onlar daim kəndə can atıblar, həmişə çalışıblar ki, hansı rayondasa beş qarış torpaq sahələri olsun, fürsət düşən kimi o torpağa qaçsınlar, əksinlər-becərsinlər. Ona görə də işğaldan azad olunmuş ərazilərə qayıtmağı bir fürsət bilirlər və onların məskunlaşacaqları əraziləri qısa vaxtda cənnətə çevirəcəklərinə mənim qətiyyən şübhəm yoxdur”.

Deputat vurğulayıb ki, Qərbi Azərbaycan qaçqınlarının işğaldan azad olunmuş ərazilərə qayıtması məcburi köçkünlərin narazılığına səbəb olmayacaq:

“Qərbi Azərbaycan qaçqınları qaçqınlıq taleyi yaşayan insanlardır, onlar yaxşı bilirlər ki, məcburi köçkünlərimiz bu 30 ildə hansı məhrumiyyətləri yaşayıblar, bilirlər ki, yurd həsrəti nədir. Ona görə də onlar Qarabağdakı azərbaycanlı yaşayış məntəqələrinə qətiyyən iddia etmirlər. Hər kəs öz dədə-baba yurdunun varisidir və ora qayıdacaqları təqdirdə öz dədə-baba yurdları ilə bağlı müəyyən hüquqlara malikdirlər. Qərbi Azərbaycan qaçqınları onların bu hüquqlarına şərik olmaq fikrində deyillər. Ona görə də qaçqınlarımız məcburi köçkünlərimizin qayıdacağı azərbaycanlı kəndlərinə yox, məhz vaxtilə ermənilərin yaşamış olduğu Hadrut, Tuğ, Banazur, Çanaxçı, Suqovuşan və s. kimi “erməni” yaşayış məntəqələrinə köçürülmələrini istəyirlər. Uzaqbaşı, onlara boş sahələrdə salınmış yeni yaşayış məntəqələri də təklif oluna bilər. Onu da nəzərə alsaq ki, həmin Qərbi Azərbaycan qaçqınlarının böyük bir hissəsi işğaldan azad olunmuş ərazilərimizlə həmsərhəd olan Ermənistandakı Zəngəzur, Dərələyəz, Göyçə kimi tarixi mahallarımızdandırlar, onda bunun böyük strateji əhəmiyyət daşıdığı da aydındır. Digər tərəfdən, xatırladım ki, bu gün işğaldan azad edilmiş kəndlərə köçmək istəyən Qərbi Azərbaycan qaçqınlarının bir hissəsi də 1991-1992-ci illərdə, o vaxtkı hakimiyyət tərəfindən Bakıdakı evlərindən zorla çıxarılıb, Hadrut, Ağdərə rayonlarının kəndlərində məskunlaşdırılmış, bir-iki il yaşadıqdan sonra ikinci dəfə qaçqın düşmüş insanlardır. Bu gün o insanlar həmin kəndlərə dönməyi tamamilə doğrudur və mən elə hesab edirəm ki, onların bu istəyi müvafiq dövlət qurumları tərəfindən də anlayışla qarşılanacaqdır. …Köçürmə ilə müvafiq dövlət qurumları məşğul olacaq, bu iş “Böyük Qayıdış”ın tərkib hissəsi kimi həyata keçiriləcək. Biz, sadəcə olaraq, üzərimizə düşən vəzifəni yerinə yetirir, qaçqınlar tərəfindən bizə olunan müraciətləri qeydə alırıq”.

//Yenisabah.az