“Qazaxıstanda baş verən hadisələr hər birimiz üçün üzücüdür. Hadisələrin başlanması və inkişafı bir neçə aspektdən diqqəti cəlb edir. Spontan şəkildə ortaya çıxan etiraz nümayişləri birdən-birə dağıdıcı bir hərəkata çevrildi. İlk baxışdan belə bir qənaət hasil olur ki, əgər etirazlar təbii qazın qiymətinin qalxmasına görə başlamışdısa, qiymətlər əvvəlki səviyyəyə endirilən kimi dayanmalı idi. Hətta hökumət də istefaya göndərildi. Lakin qanunsuz aksiyalar dayanmadı. Buradan çıxan nəticə odur ki, əsas səbəb heç də sosial-iqtisadi amillərlə bağlı deyil. Üstəlik, nəzərə alaq ki, Qazaxıstan iqtisadi inkişaf səviyyəsinə və güclü sosial təminat sisteminə görə nəinki postsovet məkanında, hətta dünyada öncül yerlərdən birini tutur. Əhalinin rifah səviyyəsi olduqca güclüdür. Bir neçə gün davam etməsinə baxmayaraq, aksiya iştirakçılarının sayının 100 minlərə qalxmaması da bununla əlaqəli ola bilər”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Politoloq Qazaxıstandakı hadisələrin arxasında Qərbin dayandığını düşünmür:
“Ümumiyyətlə, hazırda ABŞ-ın qlobal geosiyasi maraq zonaları içərisində postsovet ölkələri yer almır. Baxmayaraq ki, irəli sürülən versiyaların birinə görə, Qərb Ukrayna istiqamətdən Rusiyanın fəallığını zəiflətmək üçün ona cənubda (Mərkəzi Asiyada) yeni cəbhə açmaq istəyir. Düzü, Qərbin belə bir strateji hədəfinin olduğunu düşünmürəm. Amerika hazırda Sakit Okeanın şərq sahillərində hərbi-siyasi varlığını artırmaq üçün bütün imkanlarını səfərbər edib. Başqa sözlə, ABŞ-ın yeni təhlükəsizlik konsepsiyasında Rusiya yox, Çin qlobal hədəf kimi göstərilir. Ona görə də Qazaxıstandakı hadisələrin arxasında Qərbin ssenarisinin dayandığını iddia etmək inandırıcı deyil”.
Bəs, Rusiya hadisələrin bu səviyyəyə qədər inkişaf etməsində maraqlı ola bilərdimi?
“Məncə, yox. Çünki inqilab texnologiyası Rusiyaya yad bir təcrübədir. Lakin məsələ burasındadır ki, həm Belarus, həm də Qazaxıstan nümunələrində Rusiya öz maraqlarını maksimizə edə bildi. Bu da ondan irəli gəlir ki, Moskva artıq keçmişdə yaşadığı acı təcrübələrinə sığınaraq vəziyyətdən daha uduşlu nəticələrlə çıxa bilir. Moskva son illər hibrid təhdidlərə qarşı mübarizə potensialını xeyli təkmilləşdirmişdir. Hətta 2014-cü ildə məhz bu cür təhdidlərə qarşı daha effektiv və operativ mübarizə aparmaq üçün özünün hərbi doktrinasını yeniləmişdir. Həmin dəyişikliklər siyasi ədəbiyyatlarda “Gerasimov doktrinası” kimi əks olundu. Bu baxımdan, ümumi qənaətim belədir ki, Qazaxıstanda hadisələr spontan şəkildə ortaya çıxsa da, hadisələrin növbəti inkişaf mərhələlərində Moskva öz maraqlarını maksimum səviyyədə reallaşdırdı. Nəticədə, son vaxtlar Qərblə Rusiya arasında balans siyasəti həyata keçirməyə çalışan Nazarbayev hakimiyyətdən birdəfəlik devrildi. Onun mövqeyinə Rusiyanın şinelindən çıxmış və daha itaətkar xarakterə sahib Tokayev yerləşdi. Bu, 2018-ci ildən başlanan prosesin son akkordları idi: Qazaxıstanda hakimiyyətin tam transformasiyası baş tutdu. KTMT-nin sülhməramlı kontingentinin cəlb olunması isə simvolik məna daşıyır. Mən həmin hərbi kontingentin uzun müddət Qazaxıstanda qalacağını düşünmürəm”.
//Gülnarə Abasova, Editor.az

