Onlar çarəsizlikdən qadınları silahlandırmağa başlayıblar: “2023-cü ildə…”- Hərbi ekspertdən şərh  backend

Onlar çarəsizlikdən qadınları silahlandırmağa başlayıblar: “2023-cü ildə…”- Hərbi ekspertdən şərh  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanla münasibətlərdə hərbi-siyasi vəziyyət onun özündən asılıdır”.

Bu sözləri Editor.az-a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev bildirib.

Onun sözlərinə görə, rəsmi İrəvanla münasibətlərdə iki istiqamət var:

“Şərti sərhədimizdən xüsusən də Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, həm də Gədəbəy, Tovuz tərəfdən də atəşkəs pozulur. Ermənistanın verdiyi hərbi-siyasi mesajların, xüsusən də revanşist bəyanatların heç bir əsası yoxdur. Bu yaxınlarda “Global Fairpower” indeksi  dünyanın 145 ölkəsinin 60 kriteriya üzrə hərbi gücünü qiymətləndirdi. Azərbaycanın 57-ci  və Ermənistanın 94-cü yeri tutması hərbi vəziyyətin hansı səviyyədə olmasından xəbər verir. Ermənistanın bu coğrafiyada yaxın 5-10 il ərzində bizimlə hərbi gücdən danışmağa imkanı yoxdur. Onlar çarəsizlikdən qadınları da silahlandırırlar. Məlum olduğu kimi, Qarabağ ərazisində qanunsuz silahlı birləşmələr var. Ermənistan 10 noyabr üçtərəfli bəyanatının müddəaları ilə söz oyunu oynayaraq bildirdi ki, erməni silahlı qüvvələri ərazidən çıxarılıb. Əli silahlı olan hər bir erməni Qarabağda bizim hərbi hədəfimizə çevrilə bilər”.

Hərbi ekspertin sözlərinə görə, 2020-ci il noyabrın 5, 6, 7, 8-i xüsusi təyinatlılarımız Cənub istiqamətində Laçın koridoruna çıxanda indiki erməni qeyri-qanuni birləşmələri 10 min nəfərə yaxın silahlı qüvvə ilə əsir düşməli ya da məhv olmalıydılar:

“Biz həmin vaxt bunları etmədik. Onlar da kapitulyasiyaya imza atdılar ki, xilas olsunlar və üç rayon; Ağdam, Laçın, Kəlbəcəri bizə müharibəsiz verdilər. Məqsəd bu idi ki, həmin qüvvələr ərazilərimizdən çıxıb getsinlər. Əslində onlar biz Şuşaya daxil olanda yəni 8 noyabr 2020-ci ildə ərazidən çıxarılmışdılar. Amma rus sülhməramlıları həmin əraziləri nəzarət etməyə başlayanda yenidən bölgəyə yerləşdirildilər. Əlində silah olan qruplar bizim üçün terrorist qruplardır. Onları da məhv etməyin üç yolu var. Onlar ya öz xoşları ilə silahı yerə qoymadılar mülkiləşməli, ya çıxıb getməli, ya da Azərbaycan Silahlı Qüvvələrinin antiterror əməliyyatına məruz qalmalıdırlar. Qarabağdakı silahlı birləşmələr “gəminin içərisindəki sudur” və gəmini daxildən batırmağa çalışırlar. 2023-cü ildə lokal antiterror əməliyyatın keçirilməsi labüd olacaq. “Fərrux”,”Qisas” əməliyyatlarını təkrarlamağa bizi təhrik edəcəklər. Onlar Azərbaycanda inteqrasiya yolu ilə yaşamağı seçsələr də mülki əhali ilə heç bir problemimiz yoxdur. Onlar 2023-cü ildə öz seçimlərini etməlidirlər”.
 
//Safura Bənnayeva, Editor.az