“Qərb dairələrində Azərbaycanın 44 günlük Savaş və ondan sonrakı bir günlük antiterror əməliyyatları nəticəsində öz ərazi bütövlüyünü, suverenliyini tam şəkildə bərpa etməsi qəbul edilmir. Onlar bu reallıqla hələ də barışmaq istəmirlər. Ona görə də bir yolla Azərbaycana qarşı təzyiq vasitələri axtarırlar”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Politoloqun sözlərinə görə, təzyiqlər bir nəticə vermədiyindən bu ilin əvvəlindən başlayaraq daha da aqressivləşərək bir sıra qərb ölkələri, xüsusilə Fransa, ABŞ-da erməni diasporası ilə yaxın münasibətdə olan ictimai-siyasi xadimlər Azərbaycanda keçiriləcək COP29-a kölgə salmaq məqsədilə onu baykot etmək üçün müəyyən çağırışlar ediblər:
“Bunun üçün müəyyən bəhanələr axtarılır ki, onların arasında da Qarabağ erməniləri ilə bağlı olan məsələ, o cümlədən hal-hazırda Bakıda mühakimə olunan hərbi cinayətkarla bağlı məsələlər gündəmə gətirilir. Bu prosesdə fəal iştirak edən şəxslər, xüsusilə də Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okamponun fəallığı xüsusi diqqət çəkir. Bu tip şəxslər faktiki olaraq hazırda siyasi dələduzluqla məşğuldurlar. Belə ki, onlar erməni diasporasından pul qopartmaq məqsədilə müxtəlif təxribatçı açıqlamalar verirlər. Bu cür addımların hansısa nəticə verəcəyini düşünmürəm. Ancaq nəzərə almalıyıq ki, Azərbaycan onun güclənməsini istəməyən qüvvələrin təxribatına qarşı hər zaman hazır vəziyyətdədir”.
//Gülnarə Abasova, Editor.az

