Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişelə məktub göndərərək Rusiya ilə diplomatik əlaqələrin bərpasını tələb edib.
Editor.az bu barədə Almaniyanın “Bild” qəzetinə istinadla xəbər verir.
Qəzetin yazdığına görə, Macarıstanın baş naziri Orban Avropa İttifaqı Şurasının sədri Mişelə məktub göndərərək, onu Çinlə “sülh konfransı” ilə bağlı danışıqlara başlamağa və Rusiya ilə diplomatik münasibətləri bərpa etməyə çağırıb. Xəbərdə deyilir: “Orban məktubunda Çinlə “sülh konfransı” danışıqlarının başlanmasına, Rusiya ilə diplomatik əlaqələrin bərpasına və hörmətini itirdiyimiz Güney ölkələrinə qarşı “siyasi hücuma” başlanılmasına çağırır”. A4 formatında yazılan 1,5 səhifəlik məktubun 10 paraqrafa bölündüyünə diqqət çəkən xəbərdə Orbanın məktubunda “Yaxın gələcəkdə hərbi qarşıdurmanın intensivliyinin köklü şəkildə artacağı” qiymətləndirməsini verdiyi qeyd edilib.
Xəbərdə Macarıstanın baş nazirinin Ukrayna prezidenti Volodimir Zelenski, Rusiya, Çin, Türkiyə liderləri və ABŞ-ın keçmiş prezidenti Donald Trampla keçirdiyi son görüşləri qısa şəkildə dəyərləndirdiyi vurğulanıb və Orbanın da “qəbul edilməli olan bəzi təkliflər” verdiyi vurğulanıb.
//Gülnarə Abasova, Editor.az

