“Ordumuz həm mənəvi, həm psixoloji, həm də texniki baxımdan hazırdır”backend

“Ordumuz həm mənəvi, həm psixoloji, həm də texniki baxımdan hazırdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Ordusunun gücünə, onun döyüş imkanlarına yaxşı bələdəm və şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirirəm”.

Bunu “MediaPost”a açıqlamasında ehtiyatda olan polkovnik Məhərrəm Cahangirov deyib.

O bildirib ki, Azərbaycan Ordusunun əsas qüvvəsini müasir texnikadan istifadə etməyi bacaran şəxsi heyət təşkil edir:

“Hərbçi kimi əminliklə deyə bilərəm ki, ordumuz qarşısında olan döyüş tapşırıqlarını yerinə yetirmək üçün həm mənəvi, həm psixoloji, həm də texniki baxımdan tam hazırdır. Ermənistan tərəfi nə qədər silahlansa da, bizimlə müqayisə edilməyəcək qədər zəifdir. Bilirik ki, Ermənistana Rusiyadan 400 tonluq silah aparılıb. Lakin unutmaq lazım deyil ki, Ermənistana hədiyyə olunan texnikalar yeni deyil, onlar çox istifadə olunmuş, istismar müddəti bitmiş texnikaları hədiyyə edirlər. Lap sıradan çıxmayan texnikalar da olsa, yenə də onlar bizim döyüş sursatı və texnikalarımızla qarşılaşdırılacaq səviyyədə deyil. O silahlarla birlikdə Ermənistan bazasında olan silahları da nəzərə alsaq, yenə də heç vaxt Azərbaycan Ordusunun silah-sursatı, döyüş vasitələri, hərbi texnikaları ilə müqayisə edilə bilməz”.

Ehtiyatda olan polkovnikin sözlərinə görə, bizim əsas gücümüz ondadır ki, biz öz torpaqlarımız uğrunda döyüşə hazırlaşırıq. Bu, ən müsbət tərəfdir:

“Biz ərazi iddiasında deyilik. Bu, mənəvi üstünlüyümüzdür. Psixoloji tərəfdən də, Azərbaycan əsgəri erməni əsgərindən qat-qat üstündür.

Texnika döyüş aparmaq üçün vacibdir, lakin o texnikadan istifadə edə bilən əsgər və zabit heyəti ordunun əsas qüvvəsini təşkil edir. Nümunə deyim, bizdə “Ordu oyunları – 2020” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsi yekunlaşdı. Bu il istisna olmaqla, 2013-cü ildən Ermənistan bu yarışlarda iştirak edib. Uzun müddətlik hazırlığına, müsabiqələrdə iştirakına baxmayaraq, erməni tankçılar heç vaxt azərbaycanlı tankçıları üstələyə bilməyiblər. Mən bu il keçirilən “Tank biatlonu”nu da izlədim. Deməli, yarımqrupda bizimlə Çin, Belarus, Sloveniya idi. Sloveniyadan başqa digər dövlətləri döyüş hazırlığına, müasir döyüş texnikalarına malik ölkə adlandırmaq olar. Bu ölkələri bütün yarışlarda birinci, ikinci sıralarda görmək olurdu. Lakin “Tank biatlonu”nda Azərbaycan bu ölkələr arasında ikinci yeri tutdu. Bizi bir azca beloruslar üstələdilər, ancaq təsəvvür edin ki, Çin, Sloveniya bizdən geridə qaldı. Bu, göstəricidir, ya yox? Yarışlara qədər məxfi saxladığı müasir texnikaları ilə yarışa qatılan Çinə qalib gəlmək Azərbaycan Ordusunun döyüş imkanlarından xəbər verən əsas amillərdən biridir”.