Orta aylıq əməkhaqqının artırılması KİFAYƏT DEYİL- Deputat bahalaşmadan ŞİKAYƏTÇİDİRbackend

Orta aylıq əməkhaqqının artırılması KİFAYƏT DEYİL- Deputat bahalaşmadan ŞİKAYƏTÇİDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hökumət hər zaman çörəyin qiymətini stabil saxlamaq üçün dotasiya verirdi. Düşünürəm ki, hökumət yenə də bu addımı atmalıdır. Nəzərə almaq lazımdır ki, unun qiymətinin artımı təkcə çörəyin qiymətinə deyil, digər un məmulatlarına da təsir göstərir. Yəni dotasiya verərək, unun qiymətini stabil saxlamaq mümkündür”.

Bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov  un və un məmulatlarının qiymət artımından danışarkən deyib.

O, bildirib ki, dotasiya hesabına unun qiymətini stabil saxlamaq mümkündür:

“Həmçinin deyə bilərəm ki, bahalaşma ilə bağlı hökumət üzvləri də fikir bildirmişdi. Yəni, qiymət artımı gözlənilən idi, çünki taxılın əksər hissəsi xaricdən idxal olunur və orada vergilər yüksəkdir. Belə görünür, hökumət xaricdən təkcə taxıl deyil, qiymət artımı da idxal edir”.

 

Deputatın sözlərinə görə, orta aylıq əməkhaqqının artırılması kifayət deyil:

“Vətəndaşlar heç vaxt qiymət artımına hazır deyil, çünki onlar ciddi problemlərlə üz-üzədirlər. Doğrudur, yaşayış minimumu və orta aylıq əməkhaqqı artırılıb, amma hesab edirəm ki, kifayət deyil. Verilən müsbət qərarlar inflyasiyanı müəyyən qədər qabaqlasa da, nəzərə almaq lazımdır ki, subyektiv qiymətlər də var. Misal üçün, yanacağın artması ilə əlaqədar əgər təkcə yanacağa bağlı olan məhsulların qiyməti artsa, başadüşüləndir. Yox, həm də salfetin qiyməti qalxırsa, bunun qarşısını almaq lazımdır. Belə qiymət artımlarının qarşısını almaq üçün dövlətin kifayət qədər ehtiyatı olmalıdır. Subyektiv qiymət artımı ilə bağlı isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti müəyyən işlər görməlidir”./modern.az