Məktəblərdə RÜŞVƏTİN və digər KORRUPSİYA faktlarının qarşısını almaq üçün sistem necə işləməlidir?backend

Məktəblərdə RÜŞVƏTİN və digər KORRUPSİYA faktlarının qarşısını almaq üçün sistem necə işləməlidir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məsələn, 10-nömrəli dövlət məktəbində 1500 şagird təhsil alır. Bu şagirdlərdən 600 nəfəri imkansız ailənin övladları, 500 nəfər orta imkanlı ailələrin övladları, 400 nəfər də imkanlı ailələrin övladlarıdır. Təhsil alan 1500 nəfərin heç biri icbari təhsil aldığı üçün 1 qəpik belə olsun məktəbə ödəniş ödəməməlidir. Təhsilalanların valideynləri ayıq-sayıq olmalıdır. Hər hansısa sinifdə ödəniş yığılarsa, dərhal bu barədə məktəb rəhbərliyinə məlumat verilməli, baxılmadığı halda təhsil şöbəsinə (Regional) məlumat verməlidirlər. Yenə də baxılmasa, o zaman Təhsil Nazirliyinə əsaslandırılmış məlumat verilməlidir”.

Bu sözləri Editor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Ekspert hesab edir ki, valideynlər məktəbin bütün növ təlim və tədris işlərindən uzaq tutulmalıdır:

“Yalnız xüsusi tədbirlərdə və ya övladının dərslərində iştirak üçün valideyn məktəbə dəvət oluna bilər. Başqa heç bir əsasla valideynlər prosesə cəlb edilməməlidir. Valideyn və ya valideynlər məktəbə müvafiq ianə köçürə bilər. O şərtlə ki, məktəb həmin valideynə və ya valideynlərə ianədən xərclənən məbləğin istiqamətini şəffaf hesabatla təqdim etsin. Bunun üçün ümumi hesabat xarakterli iclas keçirib məlumat vermək olar. Qeyd edim ki, əgər 1500 şagirdən 400-500 nəfərinin imkanı çatdığı halda ianə edirsə bu zaman ianə edənlərin kimliyi açıqlanmamalıdır. Bu digər imkansız və ya orta imkanlı şagirdlərə də, eləcə də onların valideynlərinə də pis təsir etmiş olar. Ona görə də həmin ödənişi ödəyən şəxslərin adları sadəcə xüsusi olaraq qeydə alınmalı və bu barədə məktəbin şəxsi mühafizə olunan sənədləri arasında saxlanmalıdır. Əgər kimlik açıqlanması olarsa da, bunu gələcək üçün etmək məqsədəuyğundur”.

E.Əfəndinin sözlərinə görə, ianə könüllülük əsasında olmalıdır. Heç kim məcburi şəkildə vəsait ödəməyə təhrik edilməməlidir:

“Bundan əlavə 1500 şagirddən  birinin valideyni əlamətdar və ya adi günlərdə irəli düşərək istər müəllim, istər direktor müavini, istərsə də direktora pul və ya hədiyyə verərsə, həmin şəxslər valideynə xəbərdarlıq edib verdiklərini geri qaytarmalıdır. Təkrar baş verərsə, həmin valideyn digər valideynlər tərəfindən qınanılmalıdır. Son olaraq qeyd edim ki, biz təhsilin inkişafını istəyiriksə, ilk növbədə özümüzdən başlamalıyıq”.

//Gülnarə Abasova, Editor.az