Arzuolunmaz hamiləliklər: Övladlarını küçəyə atan insanlara qarşı hansı tədbirlər görülməlidir?backend

Arzuolunmaz hamiləliklər: Övladlarını küçəyə atan insanlara qarşı hansı tədbirlər görülməlidir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Bakıda yeni doğulmuş qız uşağı binalardan birinin girişinə atılıb. Son günlər ölkəmizdə belə hallar tez-tez təkrarlanır .

Maraqlıdır,  bu gün uşaqların küçəyə atılmaması, onların hüquqlarının müdafiəsi üçün dövlət tərəfindən hansı işlər görülür? Övladlarını küçəyə atan insanlar xüsusilə, qadınlar, analar necə maarifləndirilməlidir? Bu halların qarşısını necə alaq?

Suallarımıza cavab almaq üçün Editor.az olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq.

Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Editor.az-a bildirdi ki, ölkəmizdə atılmış və ya valideyn himayəsindən məhrum olmuş uşaqların sayı 2006-cı illə müqayisədə təxminən 7 dəfə azalıb:

“2006-cı ildə uşaq müəssisələrində, uşaq evlərində olan uşaqların sayı 21 min idisə, bu say 2021-ci ildə heç 3 mini də əhatə etmir. Buna baxmayaraq hələ də məsuliyyətsiz “valideynlər” yeni doğulmuş körpələrini binaların girişinə, parklara,  zibil qutularına tərk etməkdə davam edir. Dövlət tərəfindən gənc ailələrin maarifləndirilməsi ilə bağlı müvafiq işlər aparılır. Maarifləndirmə işləri ailə dəyərlərinin qorunması, valideyn məsuliyyətinin artırılması, valideyn öhdəliklərinə, bacarıqlarına yiyələnməsi üçündür. Bu  başqa bir mühüm istiqamətdir. Valideynlər öz övladları ilə bağlı vəzifələrini yerinə yetirə bilmədikdə uşaqlar dövlət tərəfindən hərtərəfli təmin edilir. Həmin uşaqların yaşayış yeri, təhsil hüququ, sağlamlıq və digər sosial hüquqları təmin edilir. Bu istiqamətdə müvafiq tədbirlər görülür. Təkcə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi deyil, yerli icra hakimiyyətləri, Sosial Müdafiə Nazirliyi,  Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi də valideyn himayəsindən məhrum olan uşaqların hüquqlarının müdafiəsi ilə bağlı birgə sistemli iş aparır. Bu prosesə 11 dövlət qurumu cəlb edilib. Burada övladlığa götürmə, qəyyumluq, himayəyə götürmə prosesləri də öz əksini tapır. Hətta beynəlxalq təcrübəyə əsaslanan “Foster Family” modeli də Azərbaycanda tətbiq edilir”.

Elgün Səfərov qeyd edib ki, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi  bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsini vacib hesab edir:

” Dövlət tərəfindən 2020-ci il 2 iyun  tarixində uşaq hüquqları ilə bağlı Strategiya da qəbul edilib. 2020-ci il 27 noyabrda isə Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üçün fəaliyyət planı tətbiq edildi. Bu sənədlərin daxilində valideyn hüquqlarından məhrum olmuş uşaqların hüquqlarının bərpa edilməsi ilə bağlı müvafiq tədbirlər öz əksini tapır. Eyni zamanda , dövlət qurumları koordinasiyalı şəkildə həmin uşaqların problemlərinin həlli istiqamətində işlər aparır. Problemlər müəyyənləşdirilməli  və aradan qaldırılmalıdır. Valideynlər bu günkü gün bir çox sosial problemlərlə üzləşir. Aparılan araşdırmalar da göstərir ki, əksər hallarda həssas təbəqədən olan insanlar, aztəminatlı şəxslər övladlarından imtina edirlər. Bir çox halda komitəyə tək analar övladlarının ehtiyacı ilə bağlı müraciət edir. Onların məşğulluq problemlərinin həll edilməsi istiqamətində işlər görülür. Anaların hər hansı peşə, bilik bacarıqlarına yiyələnməsi üçün ixtisasartırma proqramlarına cəlb edilir, ingilis dili kompyuter, təlim kurslarına göndərilir. Uşaqlarını saxlamaq üçün işlə təmin edilməsi istiqamətində də imkanlar yaradılır. Həmin analar tərəfindən böyüdülən uşaqların bağçalarda saxlanılması kimi problemlər də həll edilir. Eyni zamanda, risk altında  olan ailələrin uşaqları ilə bağlı da mütəmadi işlər aparılır. Bir daha qeyd edim ki, Azərbaycanda 2006-cı ildən bu yana valideyn himayəsindən məhrum olmuş uşaqların sayı 7dəfə aşağı düşüb və bu,  qonşu ölkələr üçün kifayət qədər yaxşı təcrübədir. Amma dövlət bu rəqəmlərin daha da azaldılması istiqamətindən kifayət qədər mühüm işlər görür. Bu istiqamətdə Ailə, Qadın və Uşaq Problem üzrə Dövlət Komitəsi tərəfindən  Ümumrespublika Forumu keçirilir,  yay məktəbləri təşkil edilir, qazi və şəhid övladları, aztəminatlı ailələrin övladları müxtəlif proqramlara cəlb edilir, maarifləndirici işlər aparılır. Komitənin planlarında bu kimi layihələrin mütəmadi olaraq valideynlərlə birgə keçirilməsi də nəzərdə tutulur. Bu istiqamətdə yeni proqramlar hazırlanmalıdır. Dünya ölkələrinin təcrübələrinə istinad edilən  proqramların Azərbaycanda tətbiqi daha da təkmilləşdirilməlidir. Bütün bunların fonunda internat müəssisələrində olan uşaqların sosial, psixoloji, sağlamlıq hüquqlarının təmin edilməsi işinin davamlılığı, qanunvericiliyin təkmilləşdirilməsi, maarifləndirmə işlərinin , araşdırma təhlillərinin sistemli şəkildə aparılması çox vacibdir”.

Psixoloq Fərqanə Mehmanqızı Editor.az-a açıqlamasında bildirib ki,  Ginekoloqa müraciət edən hamilə və ya hamiləliyini yeni öyrənən qadınlar qeydə alınmalı və ciddi nəzarətə götürülməlidir:

” Sırf bu məsələlərə, hamilələrə nəzarət etmək üçün bir qurum yaradılmalıdır. Uşaq dünyaya gətirən hər bir valideynə müəyyən dövrə qədər nəzarət olunmalı, uşağa baxmaqdan tutmuş rəftara qədər hər birşeylə bağlı maarifləndirilməlidirlər. O zaman valideynlər də hər bir halda övladından imtina etməkdən daha çox qorxar. Arzuolunmaz hamiləlik zamanı abort üçün maddi problem varsa bu da dövlət tərəfindən qarşılanmalıdır. İnsanlar baxa bilməyəcəkləri, imtina edəcəkləri uşaqları dünyaya gətirməməlidirlər. Uşaq dünyaya gətirmək istəməyən hamilə tək qadınlar üçün mütləq abort üçün ödənişlər olunmalıdır. Arzuolunmaz hamiləlik ciddi problemdir, gələcəkdə hansısa bir uşağın taleyi məsələsidir. Buna qarşı sistemli şəkildə iş aparılmalıdır. Lakin nə qədər də biz bunların qarşısını almağa, insanlara məsuliyyətini dərk etdirməyə çalışsaq da yenə belə xislətli insanlar olacaq. Amma yeni doğulmuş körpəni binanın girişinə atmaq bir anadan əlavə, insanlığa sıxmayan davranışdır. Ən azından buna görə uşaq evləri, aidiyyatı qurumlar var. Belə vicdansız insanlara qarşı ciddi mübarizə aparılmalıdır. Ortada günahsız uşaqların taleyi, hərşeyden əvvəl isə sağlamlığı, canı risk altındadır”.

Psixoloq hesab edir ki, övlad sahibi olmağa hazırlaşan ailələr, xüsusilə də analar ciddi nəzarətə götürülməli, psixoloji seanslara, maariflənmə kurslarına getməlidirlər:

” Çünki həmin övlad ailəsi ilə yanaşı həm də Azərbaycan xalqının övladıdır, Azərbaycan vətəndaşıdır. Bir Azərbaycan vətəndaşının isə doğulan kimi hüquqları olur. Lakin nəzərə almaq lazımdır ki, övladını istəməyən elə insanlar var ki, nə qədər maariflənsə də onların özlərinə xas səbəbləri, bəhanələri olur. Düşünürəm ki, övladını istəyən ana isə əksinə maariflənməsə belə ona sahib çıxmağın yolunu tapacaq. Yaxşı olardı ki, universitetlərdən hamiləliyin qarşısının alınma yolları öyrədilsin. Faktlar onu göstərir ki, 16-17 yaşında qızlar belə hamilə qalır. Ona görə də məktəblərdə yuxarı siniflərdən, və ya universitetlərdən bununla bağlı maarifləndirmə işləri görülməlidir”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Loading...