“Fransanın Ermənistandakı səfiri Oliviye Dekotini diplomatik səlahiyyətinə malik olmayan işlərlə məşğuldur. Onun Qərbi Azərbaycanla bağlı etirazını bildirməsi ermənidən çox erməni olduğunun göstəricisidir”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkilinin sözlərinə görə, Dekotiniyə Parisdən göstərişlər gəlir və o həmin tapşırıqları Azərbaycana qarşı səsləndirməklə məşğuldur:
“Fransa səfirinin Bakıda Qərbi Azərbaycanla bağlı beynəlxalq konfransının keçirilməsi ərəfəsində açıqlama verməsi təsadüfi deyil və bu heç nəyə mane ola bilməz. Soydaşlarımızın öz doğma yurdu olan Qərbi Azərbaycana qayıtması onların təməl hüququdur. Fransa və digərləri bütün insanların hüquqlarının müdafiəsi ilə bağlı fikirlər səsləndirsə daha yaxşı olar. Amma birtərəfli qaydada erməniləri himayə etmək və beynəlxalq hüququ ayaq altına atıb onları dəstəkləmək riyakarlıq və azərbaycanofob siyasətinin göstəricidir. Fransanın səfiri yaxşı olardı ki, uzun illər neokolonolizm siyasətini davam etdirən Fransa ilə bağlı fikirləri ifadə etsin. Ada dövlətlərin azadlığa qovuşması onların təməl haqlarıdır. Özü insan hüquqlarını kəskin şəkildə pozmaqda davam edən bir ölkənin Qərbi Azərbaycana qarşı etirazını ifadə etməsi gülüncdür”.
//Gülnarə Abasova, Editor.az