Özbəkistan-Azərbaycan arasında  çoxtərəfli fəaliyyət mexanizmi: “Türk dövlətlərinin tək amal, məqsəd naminə birgə fəaliyyəti öz müsbət nəticələrini verir”backend

Özbəkistan-Azərbaycan arasında  çoxtərəfli fəaliyyət mexanizmi: “Türk dövlətlərinin tək amal, məqsəd naminə birgə fəaliyyəti öz müsbət nəticələrini verir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Özbəkistan Mərkəzi Asiyanın ürəyində yerləşməklə yanaşı, həm də region üçün yeni inkişaf tempi müəyyən edir. Azərbaycanla Özbəkistan münasibətlərinin təməlində dayanan əsas məsələ isə odur ki, ikimiz də türk xalqıyıq. Eyni İttifaqın tərkibində olarkən Mərkəz tərəfindən xalqlarımıza qarşı tətbiq edilən bənzəri siyasi tendensiya, təqiblər, repressiyalar, soyqırımları bizi daha da bir-birimizə sarılmağa sövq etdi. Bu tarixi, siyasi reallığı aydın dərk edən, xalqımızın milli maraqlarını hər bir amildən uca tutan və hər sahədə olduğu kimi Özbəkistanla formalaşdırılan münasibətlərdə də uzaqgörən siyasət yürüdən ümummilli lider Heydər Əliyev Özbəkistan-Azərbaycan cari münasibətlərinin strateji istiqamətlərini zamanında dəqiqliklə müəyyənləşdirdi. Məhz bu məsələlərə xüsusilə toxunan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev haqlı olaraq ümummilli liderimizi xalqımızın bələdçisi adlandırdı”.

Bu fikirləri Editor.az-a politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, hər bir xalqın milli özünüdərkinin təməlində dayanan məsələ onun dilidir: “Zamanında da Ulu öndərimiz uzaqgörən siyasət yürüdərək dilimizin, milli ruhumuzun qorunması məqsədilə sovet Azərbaycanının dövlət dilinin məhz Ana dilimizin olması ilə bağlı Konstitusiya təşəbbüsünün müəllifi oldu. Bu baxımdan da Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə verilən rəsmi ziyafətin ardından dövlət başçımızın incəsənət ustaları ilə söhbət edərkən heç bir tərcüməçi olmadan bir-birimizin dilini başa düşdüyümüzü vurğulaması bütün türk xalqlarına verilən olduqca mühüm mesaj idi. Məhz bu səbəbdən də Özbəkistan-Azərbaycan arasında yüksək səviyyəyə qaldırılan qarşılıqlı və çoxtərəfli fəaliyyət mexanizmi Türk Dövlətlər Birliyi çərçivəsində sinxron addımların atılmasında fundamental bazislərdən birini təşkil edəcək. Özbəkistan Azərbaycanın haqq savaşına hər zaman dəstək vermişdir. Xalqımız bunu heç zaman unutmur və yüksək dəyərləndirir”.

“Türk dövlətlərinin tək amal, məqsəd naminə birgə fəaliyyəti öz müsbət nəticələrini verir. Qardaş xalqlar arasında artıq dostluq mühitinin dərinləşdirilməsi, intensiv iş sayəsində praktiki olaraq Mərkəzi Asiya dövlətləri ilə siyasi və iqtisadi əlaqələrin yenilənməsi baş verir. Bu isə ondan xəbər verir ki, Mərkəzi Asiya cənab Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir”,- deyə Şəbnəm Həsənova vurğulayıb.