“Dünən Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib və görüş zamanı nazir ölkə başçısına Özbəkistan prezidentinin salamlarını və xoşməramını çatdırıb”.
Bu sözləri Editor.az-a Azərbaycan-Özbəkistan əlaqələri ilə bağlı danışarkən politoloq Elşad Həsənov deyib.

Politoloq bildirib ki, görüşdə iki ölkə arasında son illər baş verən dəyişikliklər, iqtisadi inkişaf yönündə söhbət aparılıb:
“Özbəkistan bizə yaxın strateji və dost ölkədir. Özbəkistanla Türk Dövlətləri Birliyi çərçivəsində əməkdaşlıq edirik. Eyni zamanda, noyabrın 9-da Daşkənddə keçirilən İƏT-in Zirvə Görüşündə də Prezident İlham Əliyev iştirak etdi və orada görüşü yüksək səviyyədə təşkil etdiyinə görə, Özbəkistan prezidentinə təşəkkürünü bildirdi.
Özbəkistan prezidentinin şəxsi təşəbbüsü ilə Füzuli şəhərində inşa olunmuş orta məktəbin avqustun 23-də açılışı oldu və burada Azərbaycan Prezidenti və Özbəkistan ölkə başçısı iştirak etdilər. Bu məktəb Azərbaycan xalqına Özbəkistanın hədiyyəsi oldu. Bu da iki ölkə arasındakı qardaşlıq münasibətlərini özündə əks etdirən nümunədir. Ümumilikdə iki ölkə arasında rəhbər şəxslərin qarşılıqlı səfərləri münasibətlərə öz müsbət təsirini göstərir”.
//Səbinə Hüseynli, Editor.az

