Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun nümayəndə heyəti Azərbaycanda olubbackend

Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun nümayəndə heyəti Azərbaycanda olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rektoru Eldor Şermanovun rəhbərliyi ilə geniş nümayəndə heyətinin Azərbaycana səfəri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində özbəkistanlı qonaqlar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində olub, rektor Ceyran Mahmudova ilə görüşüb, əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb və tərəflər arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Tərəflər müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi, mədəniyyətin müxtəlif sahələrinə dair birgə tədqiqat işlərinin, tədrisə dair təcrübə mübadiləsinin aparılmasını razılaşdırıblar. Bundan başqa, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin təcrübəsindən yararlanaraq Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutun eyniadlı fakültənin açılması, müəllim heyətləri tərəfindən ildə bir dəfə qarşılıqlı olaraq bir aylıq dərslərin təşkili barədə razılıq əldə edib. Qonaqlar universitetin qazandığı nailiyyətlər, fakültələr, dərs prosesi, Azərbaycan tərəfinin qabaqcıl təcrübəsi ilə yaxından tanış olub, yerində bir sıra müzakirələr apararaq tədrisin daha keyfiyyətli təşkili, problemli sahələr üzrə əməkdaşlıq aparılmasını təsdiq ediblər.

Rektor Eldor Şermanov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudovanı cari ilin may ayında Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunda Türk dövlətləri tələbələri arasında keçiriləcək teatr festivalına dəvət edib.

Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rektoru Eldor Şermanovun rəhbərliyi ilə geniş nümayəndə heyəti Bakı Dövlət Universitetində olub, qonaqları rektor Elçin Babayev qəbul edib. Görüş və müzakirələrdən sonra hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa dair saziş imzalanıb. Sazişdə gələcəkdə müəllim, tələbə və elmi işçilərin mübadiləsi, informasiya və nəşrlərin mübadiləsi, birgə elmi tədqiqatların, maarifləndirici tədbirlərin təşkili, kadr hazırlığı məsələlərində əməkdaşlıq nəzərdə tutulub.

Özbəkistan nümayəndə heyəti Azərbaycan Milli Konservatoriyasında da olub. Rektor Siyavuş Kərimi qonaqları qəbul edib. Konservatoriyanın fakültələri, kafedraları ilə Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun əməkdaşlığı, hər iki tərəfdə tədris prosesi, muğam sənəti, vokal, xalq çalğı alətlərinin tədrisi və s. istiqamətdə təcrübə mübadiləsi məsələləri müzakirə edilib, ali təhsil ocağının fəaliyyəti ilə yaxından tanışlıq olub. Tərəflər əməkdaşlığa dair ümumi razılığa gəliblər.

Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun nümayəndə heyəti tərəfindən Azərbaycan Dövlət Dillər Universitetinin rektoru Kamal Abdulla ilə də görüş keçirilib, əməkdaşlıq əlaqələri müzakirə olunub. Universitetdə olan digər xarici ölkələrin mərkəzləri ilə tanış olan Özbəkistan nümayəndə heyəti gələcəkdə Azərbaycan Dövlət Dillər Universitetində Özbəkistan ocağının açılmasına dair razılıq əldə ediblər.

Sözügedən Mərkəzin qurulmasına yardım etmək məqsədilə Özbəkistan tərəfi özbək mədəniyyəti, ədəbiyyatına dair əyani vəsaitlər, banerlər, guşələr, eksponatlar, suvenirlər, geyimlər, nəşrlərlə təmin edəcəklərini bildiriblər.