Bir neçə gün öncə Əsa teatrının aktyoru İmran Lalayevin metroda gedərkən icazəsiz çəkilən videosu “TikTok” sosial şəbəkəsində yayılıb. Videonu çəkən şəxs onu qazi olaraq tanıdıb. İ.Lalayev qazi olmadığını və videonun silinməsini tələb etsə də həmin şəxs bunlara məhəl qoymur.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən İmran Lalayev sözügedən videonu paylaşılmasından iki gün keçdiyini və nə qədər insanın videonun silinməsilə ilə bağlı rəy bildirməsinə baxmayaraq videonu çəkən şəxsin silmədiyini bildirib.
“Bilərək bunu edib reytinq yığmağa davam edir. Bu kimi problemlərlə çox rastlaşmışam. Mənim həyat tərzim belədir. Bu formada gəzmirəm ki, kimdənsə güzəşt tələb edim. Lakin təəssüflər olsun ki, insanlar bunu yalnış anlayır. Mən kompleks etmirəmsə, normal qarşılayıramsa, cəmiyyətdə bunu normal qarşılamalıdır. Müharibdən sonra hər yerdə soruşurdular ki, qazisiniz? Bugünə qədər qazi adından istifadə etməyə vicdanım yol verməyib. Lakin bu videonu paylaşan şəxs məni qazi olaraq paylaşaraq üzərimdən reytinq yığmağa çalışır”, -deyə o qeyd edib.
Hüquqşünas Elşad İsayev isə Trend-ə açıqlaması zamanı qeyd edib ki, şəxsin iradəsinin əleyhinə onun barəsində video foto çəkilişi aparıla bilməz.