Özünə yalan danışan Qərb Bakını niyə “hədəf” hesab edir?backend

Özünə yalan danışan Qərb Bakını niyə “hədəf” hesab edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ilin ilk günlərindən bəri inkişaf etmiş dövlətlərlə inkişaf etməkdə olan dövlətlər, yəni “qızıl milyard”la “qlobal Cənub” arasında geosiyasi, iqtisadi və geoiqtisadi qarşıdurmalar, mübahisələr və münaqişələr daha da kəskinləşməkdədir.

Eyni zamanda, hər iki qlobal düşərgədəki ölkələrin mass-mediası və propaqandası qarşı tərəfi suçlamaqda, öz düşərgəsini isə tərifləməkdə və yeni imperativlər istehsal etməkdədir.

Fevralın 7-də növbədənkənar Prezident seçkilərinin keçiriləcəyi Azərbaycan da bir sıra Qərb ölkələri və təşkilatlarının ciddi təzyiq cəhdləri ilə üzləşib. Cənubi Qafqazda mövqelərini möhkəmləndirərək real lider dövlətə çevrilən ölkəmizin yürütdüyü siyasət təbii ki, inkişaf etmiş ölkələri, xüsusilə də postsovet məkanındakı dövlətləri sürəkli və ciddi kontrol altında saxlamağa çalışan Qərbi razı sala bilməzdi.

Azərbaycana qarşı təzyiqlərin daha da güclənəcəyi istisna olunmur. Belədirsə, nə etməliyik? Ümumiyyətlə, nə baş verir?

Problem indi yox, onillər əvvəl yaranıb. SSRİ dağılandan sonra planetdə vahid hökmranlığa yiyələndiyini düşünən Qərb zaman keçdikcə bu gümanında yanıldığını, eqosentrik istəklərinin reallıqla əlaqəsi olmadığını anladı. Bir qədər də keçdi, Qərbə qarşı yeni güc mərkəzləri olan Rusiya, Çin, Hindistan, Pakistan, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Braziliya mövqelərini möhkəmləndirməyə, tərəfdaş və müttəfiqlərinin sayını artırmağa başladılar.

Çin, Türkiyə, İslam sivilizasiyası, Afrika və Latın Amerikası əvvəllər olduğu kimi, Qərbin “libertarianlıq” adlandırdığı tələblər toplusunun icrasından boyun qaçırdılar.

Sərt və qətiyyətli şəkildə.

Qlobal miqyasda təkqütblü dünyanın qurulmasına yönəlmiş cəhdlər nəticə verməsə də, Qərb hegemoniyasının çökməsinin qarşısını almağa, rəqib hesab etdiyi istənilən qüvvəyə, təşkilata, dövlətə və ya dövlətlər ittifaqına qarşı hücuma keçir.

İnkişaf etməkdə olan dövlətlərin aşkar təzyiqlərə və Qərb ideyalarının, siyasi istəklərinin, sosial tələblərinin və yaşam imperativlərinin zorla təbliğinə qarşı çıxmasının aktivləşməsi 20 il əvvəl başlandısa, indi proses daha da aktivləşib.

Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatların çoxqütblü format almağa başlamış dünyada birqütblü Qərb hegemoniyasına qarşı ilk aşkar şəkildə meydanoxuma olduğunu nəzərə alsaq, proseslərin intensivləşməsini müşahidə edə bilərik.

Məntiqlə, Qərb mövqelərinin çoxunu itirdiyini, qlobalizm ideyalarının süquta uğradığını anlayaraq postqlobalist dünya düzənində ciddi və səbatlı yer tutmağa çalışmalı idi. ABŞ-ın sabiq prezidenti Donald Tramp “İlk əvvəl Amerika!” şüarını səsləndirəndə qlobalizm cərəyanları ilk əvvəlcə Birləşmiş Ştatlarda mübarizə aparılmasının önəmini vurğulamağa çalışmışdı.

Amma Tramp bu mübarizədə uduzdu, onu Co Bayden əvəzlədi və sonucda Birləşmiş Ştatlar “Pax America” ideologiyasının yayılmasına, dünya ölkələrinə liderlik missiyasının amerikalıların üzərində olduğuna özlərini və bəşəriyyəti inandırmağa çalışdılar.

2000-ci illərin əvvəllərində Əfqanıstan və İraqda, illər sonra Liviyada, Suriyada, Yəməndə, Sudanda, Somalidə və s. ölkələrdə vətəndaş qırğınıa çevrilən hakimiyyət dəyişiklikləri tələbləri, dəyişikliklərin özləri və sonrakı situasiya situasiyanı kökündən dəyişməyə başlayıb.

Sadəcə, Yaxın Şərqdə Qərbin palliativlik təsiri bağışlayan planlarına qarşı fələstinlilər, yəmənli husilər, “Hizbullah”, “İran” çıxırlar. Bölgədə süni idarəetmə sisteminin qurulmasını İsrail də qəbul etmir, bir sıra beynəlxalq təşkilatlar vasitəsilə ona təzyiq göstərilməsi cəhdlərini qətiyyətlə rədd edir.

Bundan başqa, təkqütblü dünyaya və xüsusilə də Fransanın neomüstəmləkə ambisiyalarına qarşı mübarizənin xüsusilə şiddətli şəkildə cərəyat etdiyi Qərbi Afrikada vəziyyət gərginləşir. Mali, Burkina-Faso, Toqo, Mərkəzi Afrika Respublikası, Qabon və Nigerdə rəsmi Parisin yürütdüyü siyasətə qarşı sərt müqavimət göstərilir. Faktiki olaraq, həmin ölkələrdə fransalıların neomüstəmləkə siyasətinə qarşı yeni cəbhə açılıb.

Cənubi Amerikada isə Qərbin ekspansionizminə qarşı mübarizənin avanqardında olan dövlət qismində Venesuela özünü təqdim edir. Mübahisəli və neft ehtiyatları ilə zəngin Qayana-Eysebio bölgəsi uğrunda Britaniya Qayanası ilə hətta müharibəyəç başlayacağını belə, istisna etməyə Venesuela prezidenti Nikolas Maduro Qərbin ən “antipatik” elan etdiyi dövlət başçılarından biridir.

Fəqət, o tək deyil.

Argentinanın yeni prezidenti Xavyer Miley hər hansı bir formada Çin və ya Rusiya ilə eyni düşərgədə olmaq istəmədiyini vurğulasa da, ölkədəki sağçılar, mühafizəkarlar və millətçilərin tam dəstəyini qazanmaq üçün Britaniyanı “Malvin adaları məsələsinə yenidən baxmağa” çağırıb.

Bu isə Cənubi Amerikada Qərbin hegemoniyasına qarşı Venesuela və Braziliyadan sonra üçüncü dövlətin mübarizə aparmaq bəyanatının səslənməsi də sayıla bilər.

Yaşadığımız ildə gərginlik məkanları azalmayacaq. Yaxın Şərq, Ukrayna, İran, Qərbi Afrika, Latın Amerikası, Çinə qarşı sərt mövqe tutmuş Lay Sindenin prezident seçkilərində qalib gəldiyi Tayvan və ən nəhayət, postsovet məkanı geosiyasi qarşıdurmalar müstəvisi olaraq qalacaq.

Qərbin özü də artıq homogen deyil.

ABŞ-da prezident seçkiləri keçiriləcək və postunda qalmağa çalışan demokrat Co Baydenə qarşı sabiq prezident Donald Trampın lider olduğu respublikaçılar cəbhəsi az qala günbəgün güclənir.

Avropa ittifaqında mövcud hakimiyyət elitalarına və liberalizmə qarşı sağçı, habelə solçu populistlərin mübarizəsi intensivləşir.

Məsələn, Almaniyada Sara Vaqenknextin yaratdığı və rəhbərlik etdiyi solçu populist “Sara Vaqenknext Alyansı” (Bündnis Sahra Wagenknecht) partiyası antiliberal solçu Avropanın yeni simvollarından sayıla bilər.

Sağçılar da zəifləməyiblər: Avropa İttifaqının bir sıra ölkələrində onlar hakimiyyətdəki partiyadan və ya siyasi koalisiyadan sonra nüfuzla populyarlığına görə ikinci siyasi qüvvə sayılırlar. Almaniyada “Almaniya üçün Alternativ” hərəkatı, Fransada Mari Le Penin “Milli Cəbhə”si kimi.

Özünü “Qərb sivilizasiyası” kimi qələmə verməyə çalışan qlobalist Qərb, solçular və sağçılar əslində siyasi arenadakı bütün qüvvələr deyillər. Qərb insanlarının tam əksəriyyəti susqun, siyasi proseslərdə fəal iştirak etməyən obıvatellər və meşşanlardır. Ən önəmli məqam da budur: qərbli obıvatel siyasətin incəliklərini anlamır, geosiyasi prosesləri təhlil etməyə çalışmır.

Orta statistik amerikalılar və ya avropalılar cinsi azlıqlar, LGBT, miqrant axınına dözümlülük, süni qidaların reklamları, sürəkli bahalaşmanın və həyat səviyyəsinin aşağı düşməsinin inkişaf, gəlirlərin azalmasının qaçılmaz proses, vətəndaşın maraqlarının korporasiyaların mənafelərinə qurban verilməsinin libertarianlıq, islamofobiya və antisemitizmin adi işlər olması və s. kimi təblibatla şüuru yuyulan kiçik burjualar dəstəsinə çevrilməkdədir.

Qərbin siyasi indi siyasətin parodiyasına çevrilib.

Bütün bunlar reallıqdırsa, Qərbin tələblərinə və əmrlərinə fikir verməyən, çoxsaylı təlimatlarını gərəksiz sayan Azərbaycana qarşı yönələn təzyiq cəhdlərinin artmasına niyə təəccüblənməliyik ki…

TREND