“Doğrudur, son günlərdə bir daha Pakistan-Hindistan gərginliyi artıb. Amma bunun nüvə müharibəsinə çevriləcəyi mümkünsüz görünür. Çünki bu müharibədən təkcə bu iki tərəf deyil, bütün dünya zərər görə bilər. Bu hal Azərbaycan üçün də heç bir halda arzuolunan deyil. Pakistan bizim üçün Türkiyədən sonra artıq qardaş ölkəyə çevrilən bir dövlətdir. Bu müharibə isə elədir ki, hər iki tərəf üçün fəlakət törədir. Ortada Yaponiya nümunəsi var. Yaponiyanın hər iki şəhərində doğulan körpələr arasında hələ də kütləvi şəkildə şikəst olanlar var. Hələ də bu iki şəhərdə şüalanma aradan qalxmayıb. Digər tərəfdən dünya gücləri də buna imkan verməz”.
Bunu Editor.az-a AĞ Partiya sözçüsü, siyasi analitik Cavanşir Abbaslı deyib.
Politoloq bildirib ki, Pakistan və Hindistanın münasibətlərinin kifayət qədər yaxın olduğu dünya güclərinin sayı çoxdur:
“Hətta hər iki ölkəyə yaxın nüvə dövlətləri var. Məsələn, Rusiya, Şimali Koreya Hindistana, Amerika və Cənubi Koreya isə Pakistana yaxındır. Kənardan Pakistanla müqayisədə Hindistan əhalisi başda olmaqla, digər keyfiyyətlərə görə Pakistandan böyük görünə bilər. Amma belə müharibələrdə böyüklük və ya kiçiklik o qədər də ciddi rol oynamır, hər iki tərəf böyük itki verir ki, bunu da iki ölkə də anlamamış deyil. Onun üçün tərəflər belə bir savaşa girməz. Sadəcə burada Pakistan müdafiə naziri düşməninə mesaj göndərir ki, baxın və unutmayın, biz də nüvə ölkəsiyik.
Ukraynada davam edən və az qala III dünya müharibəsinə çevriləcək savaşda bu silahdan istifadə olunmur. Hərçənd ki, Rusiyanın məğlub olmasını istəyən və bunun üçün canlı qüvvə istisna olmaqla Kiyevə hərtərəfli yardım edənlər sırasında nüvə ölkələri də var. Eləcə də, Rusiya nüvə silahına görə dünyada birincidir. İndi sual oluna bilər. Rusiya müharibənin qələbəsi ilə bitməsini istəmir? Nüvə silahına əl atsaydı, bu müharibə çoxdan bitmişdi. Eləcə də, Ukraynanın arxasında dayanan, həm də nüvə silahına sahib olan güclər Moskvanın darmadağın olmasını istəmirlər? Təbii ki, istəyirlər. Sadəcə bu silahdan istifadə etmək elə də asan məsələ deyil. Çox arzulayırıq ki, tezliklə yenidən baş qaldıran Pakistan-Hindistan gərginliyi qısa zamanda aradan qalxsın. Bu halda heç bu cür narahatlıq doğuran söz-söhbətlər də olmaz”.
//Gülnarə Abasova, Editor.az