Pakistanla Əfqanıstan arasında son günlər sərhəd bölgəsində baş verən silahlı toqquşmaların ardından İslamabadın rəsmi mövqeyi açıqlanıb. Pakistanın müdafiə naziri Xavaja Məhəmməd Asıf bəyan edib ki, Əfqanıstan tərəfi münaqişə istəsə, Pakistan buna cavab verməyə tam hazırdır.
Nazir bu fikirləri “Samaa TV” telekanalına müsahibəsində iki ölkə arasında baş verən və 48 saatlıq atəşkəslə dayandırılan döyüşlərə münasibət bildirərkən səsləndirib.
Asıf bildirib ki, sərhəd bölgəsindəki qarşıdurmalar uzun illərdir davam edən problem olaraq qalır. Onun sözlərinə görə, Əfqanıstan rəhbərliyi ilə dialoq çağırışları “əsassız” görünür və Pakistan bu məsələ ilə bağlı Səudiyyə Ərəbistanı və digər müsəlman ölkələri ilə təmasdadır.
Oktyabrın 11-də Əfqanıstanın Paktiya vilayətində iki ölkənin sərhəd qüvvələri arasında baş verən toqquşmalarda hər iki tərəf itkilər verib. Əfqanıstan tərəfi 58 Pakistan hərbçisinin öldüyünü, 30-nun yaralandığını və bir sıra silahların ələ keçirildiyini iddia edib.
Pakistan ordusu isə 23 hərbçisinin həlak olduğunu, 29 nəfərin yaralandığını və Əfqanıstanla əlaqəli 200-dən çox silahlının zərərsizləşdirildiyini açıqlayıb.
Sonrakı günlərdə sərhəd boyunca döyüşlərin yenidən alovlandığı, Əfqanıstanın hücumlara cavab verdiyi bildirilib.
Pakistan Xarici İşlər Nazirliyi bu gün Əfqanıstan tərəfinin müraciəti əsasında 48 saatlıq atəşkəs barədə razılıq əldə olunduğunu rəsmən təsdiqləyib.
//Samir Qurbanov, Editor.az

