Cənubi Asiyada artan hərbi-siyasi gərginlik regionun təhlükəsizlik arxitekturasını yenidən gündəmə gətirib. Pakistan–Əfqanıstan sərhədində baş verən son hadisələr təkcə iki ölkə arasında münasibətlərin deyil, eyni zamanda daha geniş geosiyasi balansın taleyini sual altına qoyur. Mövcud vəziyyət regional və qlobal güclərin maraqlarının kəsişdiyi həssas bir məqamda baş verdiyi üçün proseslər xüsusi diqqətlə izlənilir.
Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, Pakistan–Əfqanıstan arasında yaşanan gərginlik yeni deyil, bundan əvvəl də hər iki ölkə arasında ciddi qarşıdurmalar və sərhəd toqquşmaları qeydə alınıb:
“Hadisələrə ‘Böyük Orta Şərq’ layihəsi kontekstindən yanaşsaq, bu qarşıdurmanın bir gün açıq fazaya keçəcəyi gözlənilən idi. Dünən başlayan toqquşmalardan dərhal sonra Pakistanın müdafiə naziri Xavaca Asifin sərt bəyanatla çıxış edərək Əfqanıstanla açıq müharibəyə başladıqlarını elan etməsi də bunu göstərir. Pakistan hakimiyyəti hesab edir ki, Taliban hökuməti Əfqanıstanı Hindistanın təsir dairəsinə salıb. Nazir həmçinin iddia edib ki, Əfqanıstan terror qruplarının formalaşdırıldığı və ixrac edildiyi məkana çevrilib. Onun sözlərinə görə, Taliban Hindistanın proksi qüvvəsidir və Pakistan artıq buna dözmək niyyətində deyil.
Pakistanlı nazirin açıqlamalarından belə qənaət yaranır ki, əsas geosiyasi gərginlik xətti əslində Pakistanla Hindistan arasında uzanır. Hadisələrin ABŞ və İran arasında Cenevrədə aparılan danışıqlar ərəfəsində, eləcə də Hindistanın baş naziri Narendra Modinin İsrailə rəsmi səfəri fonunda baş verməsi də diqqət çəkən məqamdır.”
Politoloqun fikrincə, qarşıdurmanın nəzarətdən çıxması ehtimalı kifayət qədər yüksəkdir:
“Əgər proses bu istiqamətdə davam etsə, ‘Asiyanın ürəyi’ adlandırılan Əfqanıstan və bütövlükdə region genişmiqyaslı böhran mərhələsinə daxil ola bilər. Bu coğrafiyada Çin, Hindistan, Rusiya və Qərb dövlətləri iki əsrə yaxındır ki, təsir zonaları uğrunda mübarizə aparır və bu rəqabət politologiyada ‘Böyük Oyun’ kimi xarakterizə olunur.
Yaxın saatlar və ya günlər ərzində tərəflər atəşkəsə nail ola bilməsələr, münaqişə geniş və uzunmüddətli müharibəyə çevrilə bilər ki, bu da ağır nəticələr vəd edir. Nəzərə almaq lazımdır ki, Talibanın sərəncamında milyardlarla dollar dəyərində Amerika istehsalı silahlar var. Bundan sonrakı mərhələdə tərəflərin verəcəyi siyasi və hərbi bəyanatlar prosesin hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirəcək”.
//Gülnarə Abasova, Editor.az

