Panama prezidenti Xose Raul Mulino ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın xahişi ilə Amerika gəmilərinin Panama kanalından keçməsi üçün rüsumları azaltmaq niyyətində olmadığını bildirib.
“Mənim cavabım “yox”dur. Qiymətlər prezidentlərin və ya kanal administrasiyalarının istəyi ilə müəyyən edilmir. Bu, açıq, ictimai prosesdir”, -deyə Mulino deyib. Onun sözlərinə görə, Trampın yanvarda inauqurasiyasından sonra o, onunla qeyri-qanuni immiqrasiyaya qarşı mübarizə məsələlərini müzakirə etməyə hazır olacaq, lakin Vaşinqtonun kanala nəzarəti ələ keçirə bilməyəcəyini vurğulayıb.
“The New York Post” mənbələrə istinadən yazıb ki, Donald Tramp Qrenlandiyanı əldə etmək və Panama kanalını geri qaytarmaqda qərarlıdır. Qeyd olunub ki, Vaşinqtonun hipotetik olaraq Danimarka adasını alması ABŞ-ın ən böyük ərazi alması olacaq. “Prezident 100% ciddidir” –deyə nəşrin həmsöhbətlərindən biri demişdi. Başqa bir mənbə iddia edib ki, Trampın fikrincə, inkişaf etməyə can atmayan imperiyalar tənəzzülə uğrayacaq. NYP həmsöhbəti əlavə edib ki, Donald Tramp qitədə genişlənmə ideyasına sadiq qalan sələflərinə heyrandır.
//Samir Qurbanov, Editor.az