“Fransa Xarici İşlər Nazirinin bu açıqlaması bir daha göstərir ki, rəsmi Paris mövqeyini dəyişməyib. Yəni o, prosesdə bitərəf deyil, Ermənistana tərəfdir. Belə olduğu halda Fransanın prosesdə iştirakı və vasitəçi olmaq istəyi gülüncdür. Bu, heç ölkəmiz tərəfindən də qəbul edilə bilməz”.
Bu fikirləri Editor.az-a politoloq Natiq Miri Fransa xarici işlər naziri Katrin Kolonnanın Bakı səfərinin ardınca, İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü zamanı səsləndirdiyi “Fransa Ermənistanın yanındadır. Biz sizinləyik, ədalətli və sabit sülh axtarışında apardığınız islahatları, səyləri və işləri dəstəkləyirik”-fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, rəsmi Paris düşünür ki, Azərbaycanla münasibətləri tənzimləyəcək və gələcək perspektivdə Rusiya Cənubi Qafqazdan sıxışdırıldığı təqdirdə onun yerini ala biləcək:
“Bu gün yürüdülən siyasətin əsas qayəsi də buna xidmət edir. Fransa Ermənistan vasitəsilə yəni, zəif bənd, məğlub bir ölkə ilə Cənubi Qafqazda varlığını təcəssüm etdirmək istəyir. Ancaq bunun üçün Fransanın ədalətli yanaşma və problemlərin həllində beynəlxalq hüquqdan çıxış etməsinə ehtiyac var. Biz bunu nəzarət- buraxılış məntəqəsinin açılışında da görmədik. Hətta Azərbaycanda Xarici İşlər Nazirləri səviyyəsində görüşdə də Kartin Kolonna bildirib ki, Fransa Azərbaycanın belə addımlar atmasının əleyhinədir. Guya bu sülh prosesinə töhfə vermir. Eyni zamanda, beynəlxalq hüquqa zidd davranış kimi də qiymətləndirir. Belə bir şəxsin xarici işlər naziri vəzifəsində olması da absurddur. Çünki beynəlxalq hüquqda sərhəd anlayışı var. Hər bir sərhəddə nəzarət-buraxılış məntəqələrinin yaradılması, pasport rejimi, gömrük strukturlarının varlığı məcburidir. Məgər Fransanın digər dövlətlərlə sərhəddi yoxdur? Bu, bütün dünyada belədir. Azərbaycan bu məsələdə istisna ola bilməz”.
Politoloq qeyd edir ki, Parisin fikirlərində 10 noyabr bəyannaməsi ilə bağlı məsələlərin ortaya qoyulması da absurddur:
“Çünki burada hər iki tərəfə keçidi tənzimləyən və buna təhlükəsizlik zəmanəti verən tərəf Azərbaycandır. Rəsmi Bakı da ilk növbədə dövlətin və millətin təhlükəsizlik məsələsini hər şeydən üstün tutur. Çünki bu konstitusiyon hüquqdur. Ona görə də ölkəmizi bu prosesdə ittiham etmək absurd olduğu qədər savadsızlığın göstəricisidir “.
Natiq Miri hesab edir ki, Fransanı proseslərə heç bir halda daxil etmək olmaz: “Azərbaycan yürütdüyü haqlı siyasətini davam etdirməlidir, heç bir güzəştdən söhbət gedə bilməz. Çünki bu xislətdə olan dövlətlər heç vaxt dəyişməz. Ermənistanın dostu Azərbaycana dost ola bilməz”.
//Safura Bənnayeva, Editor.az

